İdman 17:36 23.01.2023

Karyerasını bitirən Əfran İsmayılov: “Tərlana heç vaxt salam verməyəcəyəm”

Vaxtilə Azərbaycan futbolunun istedadlı oyunçularından sayılan, həm millidə, həm də ölkə çempionatında sözünü demiş, özünəməxsus oyunu ilə seçilən Əfran İsmayılov karyerasını bitirdi. 
 
"Qarabağ”dakı oyunu ilə parıldayan, sonradan ölkədə "Turan Tovuz”, "Bakı”, "Xəzər Lənkəran”, "Keşlə”, "Sumqayıt”, "Səbail” kimi klubların formasını geyinmiş təcrübəli futbolçunun sonuncu iş yeri "Kəpəz” oldu. Yaşar Vahabzadənin vaxtında Gəncə təmsilçisinə transfer olunan, baş məşqçi dəyişikliyindən sonra Tərlan Əhmədovla yola getməyən və əvəzedicilərə göndərilən İsmayılov əvvəlcə burada oynayacağını açıqlamışdı. Ancaq sonradan karyerasını bitirmək qərarına gəldi. Məhz bu qərarı ilə bağlı onunla söhbətləşməyi lazım bildik, səbəblərini öyrəndik.

O, Qaynarinfo-ya müsahibəsində karyerası ilə bağlı danışmaqla yanaşı, maraqlı məqamlara da toxundu:

- Karyeranı bitirdin. Nə zaman və hansı səbəbdən belə qərara gəldin?

- İki gün əvvəl qərara gəldim. Onsuz da yayda karyeramı bitirmək fikrim var idi. Həm müqavilə söhbəti vardı, həm də istəmirdim Tərlan Əhmədov düşünsün ki, Əfran bu şəkildə getdi. Oturacaqdım, sona qədər müqaviləmə əsasən maaşımı alacaqdım. İnstitut, imtahan məsələlərim var. B kateqoriyası üzrə oxuyuram deyə, Gəncəyə gedə bilmirəm. "Kəpəz”in icraçı direktoru İlqar müəllimlə söhbətləşdik, fikirlərimi soruşdu. Karyeramı davam etdirməyimi istədi. Xətrimi çox istədiyini dedi. Məni başqa fikirlərlə gətridiklərini, amma təəssüf ki, belə alındığını bildirdi. Ancaq dizim ağrıyır, oynamağıma imkan vermir. Həm də oxuduğum üçün vaxt yoxdur. Oynamaq istəsəm, İlqar müəllim yanımda olacağını bildirdi. Müqavilə məsələsində də razılaşdıq. Heç bir narazılıq olmadı, söhbət bağlandı. Qalıb əvəzedicilərdə oynaya bilrdim. Amma hansısa gəncin yerini almaq istəmədim. İstədim ki, gəncəlilər oynasın, inkişaf etsin. Raufla ("Kəpəz”in digər futbolçusu Rauf Əliyev - red.) da söhbətimiz oldu. Dedim ki, can sağlığı daha önəmlidir. Oynasam, yenə əməliyyata gedə bilərəm. Qığırdaqlar bir-birini "yeyir”. Ehtiyat edirdim, bu üzdən belə qərara gəldim.

- İnstitutda təhsil aldığını, imtahan verəcəyini qeyd etdin…

- ADBTİA-da qiyabi şəkildə təhsil alıram. Həm də yaxın günlərdə B kateqoriyası üzrə kurslar başlayacaq. Oxumaq haqqında düşünürəm. Oynamasam da çalışacağam futbolun içində olum, Azərbaycana fayda verim. Karyeramı bitirdim, amma əziyyətimi çəkən insanlar çoxdur. Burdan onlara səslənərək hamısına təşəkkürümü bildirirəm, bu yerə gəlib çıxmışamsa, nələrsə qazanmışamsa, hamısı futbola görə olub. Başda "Qarabağ”, Qurban Qurbanov olmaqla əziyyətimi çəkən hər kəsə təşəkkür edirəm. Çalışmışam ki, belə insanlara xeyir verim. Futbol da bir yerə qədərdir. 35-36 yaşına qədər oynacaqsan. Hər halda 45-50 yaşında oynayası deyilsən. Nə vaxtsa bitməli idi, mən də bu yerdə qərara gəldim. Məşq etməyə, oynamağa vaxtım da yox idi. Premyer Liqada olsa bunları ikinci plana salacaqdım. Gələcəyi fikirləşdim.

- Karyerana dönüb baxanda, yarımçıq qalan nəsə olduğunu düşünürsən?

- Kənarda darıxmasaydım, ailə məsələsi olmasaydı, daha çox istəsəydim, irəlilərə gedə bilərdim. Amma mənim üçün futboldan daha önəmli şeylər var. Ona görə futbola ikinci dərəcəli işim kimi yanaşmışdım. Şükürlər olsun, futbol mənə çox şeylər verdi. Hər şey qazandım. Bundan sonra oynamasam da olar. Gəlirim var, bunu hesabına dolanacağam. Geriyə baxanda demirəm ki, "bu işi görsəm, belə olardı”. Müəyyən uğurlara nail olmuşam. Küçəyə çıxanda insanlar məni tanıyırlarsa, bu mənim üçün ən önəmli nailiyyətdir. Cənab prezidentlə görüşüm başqa hiss idi. O, məni izlədiyini dedi. Bunun özü böyük bir şeydir. 

- Çətin, yoxsa asan qərar oldu sənin üçün?

- Açığı çətin qərar idi. Futbol elədir ki, dayandırmaq yox, davam etdirmək istəyirsən. Necə qərar verməyini çox fikirləşirsən. Ancaq məsələn, can sağlığı futboldan daha öndədir. Oynayıb, zədəni daha da ağırlaşdırıb əməliyyat olmaq istəmirəm. Çünki əməliyyatın ağırlıqlarını görmüşəm, bilirəm. Ona görə də bir işin qulpundan yapışıb başlamaq istədim. 

- Təcrübəli bir futbolçunun hansısa klubun əvəzedici komandasında karyerasını bitirməsi maraqlıdır. Hansısa Premyer Liqa klubunun əsas komandasının heyətində karyeranı bitirmək arzun vardı?

- Açığı, bu yerlərə gəlib çıxamğımız da əvəzedicilərdən başlayır. Əslində əvəzedicilərdə oynamamışdım, heç bir məşqə də çıxmamışdım. İlqar müəllim sağ olsun, təqdimat və sair, nə lazımdır, edə biləcəklərini dedi. Özü də imançı olub. Ehtiyac olmadığını, əziyyət çəkməmələrini, olanlara rəğmən, təşəkkürümü bildirdim. Allaha şükür ki, futboldan başıuca ayrılıram.

- "Kəpəz”in durumunu bilirdin. Premyer Liqaya yeni gəlmişdi, büdcə problemləri vardı. "Kaş ki gəlməzdim” deyib peşman olmamısan?

- Xeyr, niyə peşman olum ki? "Kəpəz”i tanıdım, Gəncədə olmamışdım. Getdim, bir müddət orada da qaldım. Həm də istirahət etdim. Sağ olsunlar, şərait yaratmışdılar. Gözəl evim vardı, məşqlərim yüksək səviyyədə idi. Prezident, azarkeşlər hörmət edir. Küçəyə çıxanda insanlar məni elə qarşılayırdılar, sanki Kriştiano Ronaldo gəlir. Bu amillər "Kəpəz”ə getməyimə təsir etdi. Bu da mənim üçün yenilik idi. Təcrübəmi artırdım, insanların futbola neçə yanaşdığını gördüm. Gəncədə həqiqətən futbolu çox sevirlər. Orada hər məşqçi baş çıxara bilmir. Peşmanlığım yoxdur, sevinərək getmişdim.

- Bizdə olan məlumata görə, Tərlan Əhmədovla münasibətləriniz hələ "Kəpəz”ə gəlməmişdən öncə yaxşı olmayıb.

- Tərlanla problemim olmayıb. "Keşlə”də birlikdə işləmişdik. Yenə deyirəm, hamı elə bilir ki, komanda Tərlanın sayəsində üçüncü yeri tutmuşdu. Amma belə deyil. Orada əsas fiqur klub prezidenti Zaur Axundov idi. Komandanı yığan da o idi. O dönəmdə birlikdə oynadığım uşaqlar da buna şahiddir. Həqiqətən onun rolu olmuşdu. Çünki komandaya birbaşa özü nəzarət edirdi, uşaqları yığırdı, oyundan əvvəl və sonra hər bir futbolçuya dəstək olurdu. Pandemiyaya görə çempionat yarışmçıq dayandı, üçüncü olduq. Amma "Kəpəz”də bilmirəm niyə belə oldu. İstərdim özündən soruşasınız ki, səbəb nə idi. Çıxsın, desin ki, Əfran nəyisə səhv edib. Dəfələrə soruşmuşam, cavab verə bilmir. Hörmət qarşılıqlı olar. Elə uşaq var ki, mənə "əmi”, "dayı” deyir. Tərlan onların qarşısında məni kiçiltmək istəyirdi. Hələ ona az etmişəm. 

- Tərlan Əhmədovu bundan sonra görsən, salam verəcəksən?

- Heç vaxt. Futbol bu gün var, sabah yoxdur. Futbolçular arasında hörmət qazanmaq lazımdır. Təkcə mən deyiləm, nə qədər futbolçu varsa, hamısı ilə, hətta mühafizəçi, xadimə ilə də problem yaşadı. Elə et ki, sabah dünyanı dəyişəndə rəhmət oxusunlar. Bu, təkcə Tərlana aid deyil, belə məşqçilər çoxdur. Çox adam özünü şir kimi göstərir, amma səhər işdən çıxarırlar. Bu gün, sabah onu da elə aqibət gözləyir. Çünki hörmət qazanmayıb. Məni isə çox adam axtarır. Çünki çox adama dəstək göstərmişəm. Bu günün sabahı da var. 

- Rauf Əliyev də karyerasını bitirdi?

- Onunla uşaqlıqdan dostuq, demək olar bir yerdə "Qarabağ”da futbola başlamışıq. Onun da dizində zədə vardı. Bir neçə gün əvvəl MRT-yə getdi. Həkimlər ona bildirdi ki, vəziyyət həqiqətən çox pisdir. Hətta mənim zədəm Raufunkundan bir dərəcə aşağıdır. O məndən də pis vəziyyətdədir. Gözümün qarşısında Raufdan 10 şpris qan çəkdilər. Dizi o qədər şişmişdi ki. Sondradan gördülər, diz bağlarında qopma var. Halbuki ona "Şamaxı”dan ilyarımlıq müqavilə təklif edib, yaxşı pul verirdilər. Amma bəzi şeylər futboldan da önəmlidir. Sabah əziyyət çəkəcəmsə, ondansa oynamaram. Həkimlər məsləhət görmədilər. 

- Futboldan əlavə biznesin varmı?

- Şükür Allaha az-çox nəsə etmişəm. Danmıram, hamısı futbolun hesabına olub. Bundan çox və ya az ola bilərdi. 10 nəfərdən əskik dolanacağamsa, 15-dən yaxşı yaşayacağam. Gəlirim var. Futbol oynamaq da bura qədər idi.

- Özünü məşqçi kimi görürsən?

- Açığı, bəli. Həvəsim var. Texniki işçi, menecer, direktor və ya köməkçi məşqçi də ola bilərəm. Çalışacağam bir yerdən başlayım, təcrübə toplayım, ən doğru qərarı verim. C kateqoriyasına yiyələnmişəm. "B” lisenziyasını da almağa çalışacağam. Sağ olsunlar, köməklik etmək istəyənlər də var. Nəyisə bacardığımı göstərmək istəyirəm. Praktikama görə nəsə bilirəm. Amma bilmədiklərim çoxdur, öyrənmək lazımdır.

Səbuhi Həsənov