"Təklif xoşməramlı arzu kimi qiymətləndirilsə də, həmin istiqamətdə ciddi nəticənin əldə olunacağını düşünmürəm".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Zelenski ilə görüş fonunda Ərdoğanın Türkiyənin Bakı, Ukraynanın da İrəvanla danışması yolu ilə tərəflər arasında sülh müqaviləsinin imzalanmasına töhfə verə biləcəkləri fikrini şərh edərkən deyib:
"Zelenskinin Ankara səfəri zamanı onun Türkiyə prezidenti Ərdoğanla Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması istiqamətində birgə təşəbbüsləri alqışa layiqdir”.
Həmsöhbətimizə görə, Ankara özü təkbaşına Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirmək gücündədir:
"Türkiyənin Azərbaycanla bütün sahələr üzrə əlaqələri yüksək səviyyədədir. Eyni zamanda, son zamanlar Ankara Ermənistanla münasibətlərin normallaşması istiqamətində də müəyyən addımlar atır. Ukrayna tərəfinin Ərdoğanla görüşdə belə bir təşəbbüslə çıxış etməsi isə Azərbaycan adına alqışa layiq olsa da, təəssüf ki, Kiyevin bu mərhələdə İrəvana təsir imkanları geniş deyil. Bu baxımdan, təklif xoşməramlı arzu kimi qiymətləndirilsə də, həmin istiqamətdə ciddi nəticənin əldə olunacağı qənaətində deyiləm”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi məsələsindən danışarkən Ankaranın Bakı ilə, Kiyevin isə İrəvanla danışmaqla münaqişənin bitməsinə yardım edə biləcəklərini bəyan edib.
Rüfət Sultan
Şərhlər