Təxminən 13 min il əvvəl Şimali Amerikanın üzərində baş verən kometa partlayışı genişmiqyaslı dağıntılara səbəb olaraq təkcə mamontları və mastodontları deyil, həm də qitənin ən qədim mədəniyyətlərindən birini yer üzündən silmiş ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy” nəşri yazır.
Alimlər nəyi müəyyən ediblər?
"PLOS One” jurnalında dərc olunan yeni araşdırma gec drayas zərbə hipotezini gücləndirir. Bu hipotezə görə, təxminən 13 min il əvvəl parçalanmış bir kometa Yer atmosferində partlayaraq genişmiqyaslı yanğınlara, qlobal temperaturun kəskin azalmasına və özünəməxsus daş alətləri ilə tanınan erkən ovçu qrupu olan klovis mədəniyyətinin qəfil yox olmasına səbəb ola bilər.
Kaliforniya Universitetinin Santa-Barbara kampusundan geoloq Ceyms Kennetin rəhbərliyi ilə aparılan tədqiqat çərçivəsində alimlər üç əsas ərazini araşdırıblar: Myurrey-Sprinqs (Arizona), Blekuoter-Drou (Nyu-Meksiko) və Arlinqton-Kanyon (Kaliforniya). Bu məkanlarda tədqiqatçılar genişmiqyaslı fəlakətə işarə edən unikal dağıntı qarışığı aşkar ediblər.
Bildirilir ki, hər üç ərazidə "qara xalça” adlandırılan qeyri-adi tünd torpaq qatı müşahidə olunub. Karbonla zəngin olan bu qat minilliklər davam edən istiləşmədən sonra Yer kürəsinin qəfil yenidən soyuduğu gənc drayas dövrünün başlanğıcına aiddir.
Alimlərin xüsusi diqqətini şok kvarsın mövcudluğu cəlb edib. Bu, mikroskopik quruluşu adi kvarsdən fərqlənən xüsusi kvars formasıdır. Nəşrdə izah edilir ki, belə mineral yalnız son dərəcə yüksək təzyiq şəraitində yarana bilər. Tədqiqatçılar şok kvarsın qum dənəciklərinin içərisində ərimiş damarlar aşkar ediblər ki, bu da vulkanları və ya insan fəaliyyəti nəticəsində yaranan yanğınları istisna edir. Onların fikrincə, bu, mineralın göydə baş verən nəhəng partlayış nəticəsində yarandığını göstərir.
Kometa Yerə toxunmayıb
Maraqlıdır ki, partlayışdan sonra heç bir krater formalaşmayıb. Alimlər bunun səbəbini birbaşa toqquşmanın olmaması ilə izah edirlər. Ehtimala görə, kometa havada partlayaraq Yer səthinə toxunmayan nəhəng od topu yaradıb.
Nəzəriyyəni yoxlamaq üçün tədqiqat qrupu müxtəlif hava partlayışlarının kvars nümunələrində müşahidə olunan zərbə dalğalarını necə yarada biləcəyini göstərən kompüter modelləri işləyib hazırlayıb və nəticələr tapıntılarla üst-üstə düşüb.
Araşdırma zamanı məlum olub ki, partlayışdan qısa müddət sonra Şimali Amerikanın buzlaq dövrünə aid iri heyvanlarının böyük hissəsi yoxa çıxıb, klovis mədəniyyəti isə arxeoloji qeydlərdən silinib. Alimlər əlavə ediblər ki, partlayış həmçinin meşə yanğınlarına səbəb ola, səmanı toz və tüstü ilə doldura, günəş işığını bloklaya və temperaturun yenidən enməsinə gətirib çıxara bilər. Nəticədə qida mənbələri tükənib.
Nəşrdə vurğulanır ki, bir vaxtlar bütün qitə boyunca geniş yayılmış klovis mədəniyyəti kometa partlayışından sonra özündən heç bir iz qoymayıb. Bu hadisə minilliklər boyu bu torpaqlarda hökmranlıq edən mamontların, mastodontların və digər nəhəng canlıların yoxa çıxması ilə də zaman baxımından üst-üstə düşür.
Aydın
Şərhlər