Xəbər lenti

Kosmosda astronavtların orqanizmində hansı dəyişikliklər baş verir?
Dünya 11:23 14.01.2026

Kosmosda astronavtların orqanizmində hansı dəyişikliklər baş verir?

Kosmik uçuşlar zamanı astronavtların beyninin mövqeyi və forması zamanla dəyişir. Bu barədə insan sağlamlığına kosmik uçuşların təsirini araşdıran yeni elmi tədqiqatda bildirilib.

Qaynarinfo xəbər verir ki, "Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmaya görə, kosmosda qalma müddətindən sonra beyin kəllə boşluğu daxilində yuxarı və arxaya doğru yer dəyişir. Ən böyük dəyişikliklər isə sensor və motor sahələrdə qeydə alınır.
 
Alimlərin sözlərinə görə, beynin yuxarı və aşağı hissələri arasında fərqlənən regional qeyri-xətti yan deformasiyalar müşahidə olunur.

Tədqiqat çərçivəsində alimlər 26 astronavtın kosmosa uçuşdan əvvəl və qayıtdıqdan sonra çəkilmiş MRT görüntülərini analiz ediblər. Əldə olunan nəticələr Yer üzündə uzunmüddətli yataq rejimində, başı aşağı meyilli vəziyyətdə qalan 24 mülki iştirakçının görüntüləri ilə müqayisə olunub. Bu model mikroqravitasiyanın təsirini imitasiya edir.

Mülki iştirakçılarda da beynin forma və mövqeyində dəyişikliklər qeydə alınıb, lakin astronavtlarda yuxarıya doğru yerdəyişmə xeyli daha aydın olub.

Alimlər bildiriblər ki, kosmik uçuşlarla əlaqəli bu yerdəyişmə və beyin deformasiyalarının insan sağlamlığına və əmək qabiliyyətinə təsiri daha təhlükəsiz kosmos tədqiqatlarına yol açmaq üçün əlavə araşdırmalar tələb edir.

Onların sözlərinə görə, deformasiyaların böyük hissəsi uçuşdan sonra altı ay ərzində aradan qalxsa da, bəzi dəyişikliklər qalıcı olur.

Tədqiqatın həmmüəllifi, Florida Universitetinin tətbiqi fiziologiya və kineziologiya kafedrasının professoru Reyçel Saydler vurğulayıb ki, bu dəyişiklikləri və onların təsirini anlamaq astronavtların təhlükəsizliyini, sağlamlığını və uzunmüddətli iş qabiliyyətini qorumaq üçün vacibdir.

Kosmosda qalma müddətinin rolundan danışan Saydler qeyd edib ki, məhz bu amil həlledicidir:

"Ən böyük dəyişikliklər kosmosda bir il qalanlarda müşahidə olunub. Cəmi iki həftəlik uçuş edənlərdə də dəyişikliklər var idi, lakin daha az ifadə olunmuşdu. Qalma müddəti həlledici rol oynayır”.

Aydın
--> -->