Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləmək üçün əlavə qoşunlar və hərbi texnika, o cümlədən kamikadze dronları göndərməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” Cənubi Koreya kəşfiyyat məlumatlarına istinadən yazır.
"Kəşfiyyatdan əldə edilən çoxsaylı məlumatların hərtərəfli qiymətləndirilməsi göstərir ki, Şimali Koreya Rusiyada qoşunların rotasiyası və ya yerləşdirilməsinin artırılması üçün hazırlıqlara başlayır", - Cənubi Koreya kəşfiyyat orqanları bəyan edib. Qeyd edilib ki, hazırda KXDR Rusiyaya raket qurğuları və özüyeriyən artilleriya tədarük edir.
Bununla yanaşı, kəşfiyyat məlumatlarına əsasən, KXDR noyabr ayında Kim Çen Inın yoxlaması zamanı ilk dəfə nümayiş etdirilmiş kamikadze dronların istehsalına və tədarükünə başlayır. Kəşfiyyat açıqlayıb ki, bunun səbəbi Şimali Koreyanın döyüş təcrübəsi qazanmaq və silahlanma sistemini modernləşdirmək istəyidir.
Ötən ay KXDR dövlət mediası Kim Çen Inın müxtəlif növ zərbə dronlarının sınaqlarını şəxsən izlədiyini və bu silahların kütləvi istehsalına başlanılması barədə göstəriş verdiyini bildirmişdi.
Bir qədər əvvəl Cənubi Koreya kəşfiyyatı məlumat verib ki, Rusiyanın Kursk vilayətində yerləşdirilmiş 11 000 Şimali Koreya hərbçisindən ən azı bir qismi döyüşlərə göndərilib. Nəticədə ən azı 100 hərbçinin həlak olduğu, 1000-dən çoxunun isə yaralandığı bildirilmişdi.
Cənubi Koreya kəşfiyyatı bu qədər itkilərin səbəbi kimi Şimali Koreya əsgərlərinin pilotsuz təyyarələrin iştirakı ilə döyüş təcrübəsinə malik olmamalarını və açıq ərazidə hərəkət etmə bacarığının zəifliyini göstərib. Həmçinin qeyd olunub ki, Rusiya hərbçiləri artıq Şimali Koreya əsgərlərini "yük" adlandırmağa başlayıb.
Alpər
Şərhlər