"Makronun bu təşəbbüsü də baş tutmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Fransa prezidenti Emmanuel Makronun Ukraynada Rusiyanın yeni hücumuna qarşı qoruyucu vasitələrdən birinə çevrilə biləcək Avropa sülhməramlı missiyası ilə bağlı planını şərh edərkən deyib.
"ABŞ-ın 47-ci prezidenti Donald Tramp Ukrayna müharibəsini bitirəcəyilə bağlı verdiyi vədlər fonunda onun həmin istiqamətdə müəyyən təşəbbüslərlə çıxış edəcəyini hər kəs, Avropa ölkələri, o cümlədən Fransa da yaxşı bilir. Fəaliyyətə başlamazdan öncə Tramp kabinetinin Ukraynada sülh üçün hazırladığı sənədin müzakirəsi də demək olar artıq beynəlxalq ictimaiyyətə təqdim edilmiş vəziyyətdədir. Söhbət Rusiya və Ukraynanı müharibədən çəkindirmək üçün hər iki tərəfə vəd olunan məsələlərdən gedir", deyə Taleh Əliyev əlavə edib.
Ekspert hesab edir ki, Varşava ABŞ və Böyük Britaniyanın Avropada əsas müttəfiqlərindən biri sayılır:
"2017-ci ildə Polşada üç dəniz əməkdaşlığı adlı yeni regional ittifaqın əsası qoyulub. Söhbət Polşanın əsas rol oynaması şərtilə Baltik, Qara dəniz və Aralıq dənizləri hövzəsində yerləşən ölkələrin yeni birliyindən gedir. Makronun son təşəbbüsü də əslində ABŞ-ın Avropadakı yeni strategiyasına uyğunlaşmaq və Polşanın timsalında Avropada yeni mərkəzin önə çıxmasını qabaqlamaq məqsədi daşıyır. Paris Avropa müstəvisində Varşavanın onu üstələməsinə imkan vermək istəmir. Ona görə də özünə aid təşəbbüslərdə Polşaya da müəyyən rol ayırmaqla özünün "qoca qitə"də əsas söz sahibi olaraq qaldığını nümayiş etdirmək istəyir".
Həmsöhbətimiz Makronun bu təşəbbüsünün nəticə verəcəyini düşünmür:
"Makronun bu təşəbbüsü yaşamaq haqqı olan ideya kimi masaya yatırılacaq. Amma hazırkı şərtlər daxilində təşəbbüsün nəticə verəcəyi inandırıcı görünmür. Çünki Ukrayna cəbhəsində müharibənin dayandırılması onun sülh yolu ilə başa çatması anlamına gəlmir. Ona görə ki, Rusiyanın şərtləri burada öz əksini tapmır və yalnız Ukraynanın maraqlarına cavab verir. Belə vəziyyət gələcəkdə Rusiyaya qarşı daha sərt tələblərin ortaya gəlməsi və yeni müharibəyə rəvac verə bilər. Ona görə də atəşkəs Moskvanı qane etmir. Bu, Rusiya üçün dərhal olmasa da, mərhələli şəkildə məğlubiyyəti qəbul etməsi anlamına gələcək. Rusiya gücü çatdığı qədər belə bir sənədə imza atmayacaq".
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun Ukraynada Rusiyanın yeni hücumuna qarşı qoruyucu vasitələrdən birinə çevrilə biləcək potensial Avropa sülhməramlı missiyası ilə bağlı planlarının olduğu iddia edilir. Plana görə o, bu məsələdə əsas müttəfiqi kimi Polşanı görür. Söhbət Rusiya və Ukrayna arasında müharibənin hazırkı mərhələsinə son qoyulması ilə bağlı hansısa saziş imzalanacağı təqdirdə Avropa ölkələrindən olan sülhməramlı qüvvələrdən gedir. Nəşrin yazdığına görə, belə bir potensial missiyanın müzakirəsi Makronun dekabrın 12-də Varşavaya səfəri zamanı əsas söhbət mövzusu olacaq. Hətta bildirilir ki, ola bilsin mövzu ötən şənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Volodimir Zelenski ilə də müzakirə edilib.
Rüfət Sultan
Şərhlər