Xəbər lenti

Məşhur stilist sağlam saçları
Sağlamlıq 10:39 21.12.2025

Məşhur stilist sağlam saçları "öldürən" 5 vərdişi açıqladı

Tanınmış stilist, daha çox Cennifer Enistonun "Dostlar” serialındakı Reyçel obrazı üçün yaratdığı saç düzümü ilə tanınan Kris Makmillan sağlam saçları tədricən məhv edən 5 gündəlik vərdişdən danışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror” nəşri yazır.

Makmillan bildirib ki, söhbət dramatik səhvlərdən deyil, əksər insanların düşünmədən etdiyi xırda və adi hərəkətlərdən gedir. Lakin zamanla bu vərdişlər saçların vəziyyətinə ciddi təsir göstərə bilər.

Nəşr qeyd edir ki, digər bərbərlər də Kris Makmillanın fikirləri ilə razılaşır və bu təkrarlanan gündəlik davranışların zədələri gizli şəkildə topladığını, nəticədə isə saçların dartılmasına bağlı alopesiyaya qədər gətirib çıxara bildiyini təsdiqləyirlər.

Beləliklə, Makmillan saç baxımında 5 zərərli vərdişi aşağıdakı kimi sıralayıb:

1. Saç tipinə uyğun olmayan daraqdan istifadə

Saç darağının düzgün seçilməsi təsəvvür etdiyinizdən daha vacibdir. Çünki saçın teksturası fərqli olur və hər tip üçün uyğun daraq lazımdır.
Mütəxəssis xəbərdarlıq edib ki, uyğun olmayan daraq sadə daranmanı saç üçün zədələyici prosesə çevirə bilər.

2. Saçı az və ya həddindən artıq tez-tez yumaq

Bərbər saç yumaq üçün düzgün qrafik seçməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, həm çox tez-tez, həm də çox nadir hallarda yumaq zərərlidir: "Saçı həddindən artıq yuduqda onu və baş dərisini qurudursunuz, az yuduqda isə baş dərisində kir, çirklənmə və kosmetik vasitə qalıqları yığılır”.

3. Baş dərisinin sağlamlığını diqqətdən kənarda qoymaq

Baş dərisinə qulluq çox vaxt unudulur, lakin Makmillan bunun əsas məsələ olduğunu qeyd edir: "Saçlarımız baş dərisindən çıxır. Sağlam baş dərisi – sağlam saç deməkdir”.

Stilist bildirib ki, bu səbəbdən saç bəzən artıq zədələnmiş vəziyyətdə böyüməyə başlayır. Bir çox insan yalnız saçın uzunluğuna diqqət yetirir, baş dərisində çirklənmə, qıcıqlanma və ya sağlam olmayan mühiti isə nəzərə almır.

4. Termik alətlərlə hər gün qorunmasız saç düzümü vermək

"İstilik verən alətlərdən əvvəlkindən daha çox istifadə etdiyimiz üçün hər hansı formada qoruma son dərəcə vacibdir”, deyə Makmillan bildirib.

O, istiliyin qorunmasız təsirini ipək köynəyi xlorla yumağa bənzədərək, bunun nə qədər dağıdıcı ola biləcəyini izah edib. Bu müqayisə istilikdən qorunmanın niyə həyati əhəmiyyət daşıdığını açıq şəkildə göstərir.

5. Saç məhsullarından yetərincə istifadə etməmək

Bəzi insanlar saç məhsullarından qaçır, çünki onların saçı ağır və ya yağlı edəcəyindən qorxurlar. Lakin bərbərin sözlərinə görə, bu, yanlış düşüncədir: "Məhsul düzgün istifadə olunarsa, sizin dostunuzdur. O, saça parlaqlıq verir və yüksək temperaturdan qoruyur”.

Stilist əlavə edib ki, bu səhvləri edənlər üçün yaxşı xəbər odur ki, zədələr geri dönməz deyil. Kiçik, lakin davamlı dəyişikliklər sayəsində saçlar bir neçə həftə ərzində daha sağlam görünməyə və hiss olunmağa başlaya bilər.

Makmillan saçların yumşaq şəkildə təmizlənməsini, düyünlərin kobud formada açılmamasını və termik alətlərdən vaxtaşırı, lakin hər gün istifadə edilməməsini tövsiyə edir.

Əgər saçlar quru görünürsə, isti alətlərin istifadəsini azaltmaq və saçlara bərpa üçün vaxt vermək məsləhətdir. Baş dərisi yağlıdırsa və ya qaşınma varsa, çirklənmənin qarşısını almaq üçün yuma rejimi yenidən tənzimlənməlidir.

Saçlar kövrəkləşibsə və əvvəlkindən daha seyrək görünürsə, problemin səbəbini müəyyən etmək üçün mütəxəssisə müraciət etmək daha məqsədəuyğundur. Problemlərin vaxtında aşkarlanması saçlara uzunmüddətli zərər verən, zahirən zərərsiz gündəlik vərdişləri düzəltməyə imkan yaradır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->