Dünya 14:31 25.07.2022

Milyarder Qod Nisanov Portuqaliya vətəndaşlığı üçün müraciət etdi

ABŞ sanksiyalarına məruz qalan əslən Azərbaycandan olan rusiyalı milyarder Qod Nisanov Portuqaliya vətəndaşlığı almaq üçün müraciət edib. 

"Reuters” Portuqaliyanın Ədliyyə Nazirliyinə istinadən yazır ki, almaz maqnatı Lev Leviyev də bu ölkənin pasportu üçün müraciət edib  bildirilib ki, müraciətlərə baxılır.

"Publiko” xəbər verir ki, bu iş adamlarına, eləcə də əvvəllər Portuqaliya vətəndaşlığı almış Roman Abramoviçə Porto Yəhudi İcması (Comunidade Israelita do Porto) kömək edib. Xüsusilə, onların Sefarad mənşəyini təsdiqləyən sənədlər verib. Sefarad yəhudiləri 15-ci əsrdə Portuqaliya və İspaniyadan qovulublar. Bu ölkələrin qanunvericiliyi onların nəsillərinə sadələşdirilmiş qaydada vətəndaşlıq almağa imkan verir. Eyni səbəblərdən 2019-cu ilin dekabrında rusiyalı iş adamı Andrey Rappoport Portuqaliya pasportunun sahibi olub. Onun hazırkı sərvəti 1,2 milyard dollar qiymətləndirilir.

Qod Nisanov "Kiyevskaya Ploşad” developer şirkətinin direktorlar şurasının sədridir. Biznesmenin aktivlərinə "Food City” kənd təsərrüfatı klasteri, "Avropa” ticarət və əyləncə mərkəzi, "Depo” qastromarketi, "Radisson Collection Hotel Moscow” ("Ukrayna”) və "Radisson Royal” flotiliyası daxildir. Forbes onun sərvətini 1,3 milyard dollar qiymətləndirir.

ABŞ iyun ayında Nisanova qarşı şəxsi sanksiyalar tətbiq edib. Dövlət katibi Entoni Blinken onu "Avropanın ən zəngin adamlarından biri” və "yüksək rütbəli Rusiya məmurlarının şəriki” adlandırıb. Bundan sonra Nisanov Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsini itirib, eyni zamanda "Olimpiyski” idman kompleksinin direktorlar şurasının sədri vəzifəsindən istefa verib.

"Proyekt” daha əvvəl yazmışdı ki https://www.proekt.media/portrait/god-nisanov/ , Nisanov Rusiya Xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkinlə sıx əlaqələr saxlayır. Təhlükəsizlik məmurunun ailəsi Nisanovun əmlakından istifadə edir, Narışkinin özü isə mütəmadi olaraq onun hovuzuna baş çəkir.

Bu ilin yanvarında Portuqaliya hakimiyyəti Roman Abramoviçə vətəndaşlıq verilməsinin qanuniliyini yoxlamağa başlayıb. Mart ayında istintaq çərçivəsində iş adamına pasport almağa icazə sənədini verən ravvin Daniel Litvak saxlanılıb. Həbsdən əvvəl Litvak İsrailə getməyə hazırlaşırdı.

İstintaq fonunda Portuqaliya vətəndaşlıq üçün müraciət edənin Portuqaliya ilə sıx əlaqədə olması şərtini əlavə edərək, Sefarad yəhudilərinin nəsillərindən olan şəxslərin vətəndaşlığa qəbulu haqqında qanuna dəyişiklik edib. Bununla da, hakimiyyət sui-istifadə və manipulyasiyalardan qaçmaq istəyir.

Nizami Bağırov