Xəbər lenti

Netanyahu:
Dünya 19:31 04.06.2023

Netanyahu: "MAQATE İran rəhbərliyinə təslim olub"

İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın Fordo şəhərindəki nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarına münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, baş nazir MAQATE-nin İran rəhbərliyinə təslim olduğunu deyib.

"İran Beynəlxalq Atom Enerjisi Agentliyinə yalan danışmağa davam edir. Agentliyin İranın təzyiqlərinə təslim olması onun reputasiyasına qara ləkədir... MAQATE-nin bu zəif bəhanələr qarşısında təsirsiz davranışı İran rəhbərliyinə açıq şəkildə göstərir ki, onlar öz fəaliyyətlərinə görə heç bir qarşılıq ödəməli olmayacaqlar və nüvə silahı əldə etmək səylərini davam etdirərək, beynəlxalq ictimaiyyəti aldatmağa davam edə bilərlər”, deyə Netanyahu hökumətin həftəlik iclasında bildirib.

Netanyahu xatırladıb ki, İsrail 5 il əvvəl İranın gizli nüvə arxivini ölkəyə gətirməklə Tehranın nüvə fəaliyyətlərinə dünyanın gözünü açmışdı:

"Bu məlumat birmənalı şəkildə sübut etdi ki, İran müşahidə sazişlərini pozur və uranı dinc, mülki məqsədlər üçün deyil, hərbi məqsədlər üçün zənginləşdirir. O vaxtdan bəri İranın qadağan olunmuş ərazilərdə nüvə materiallarının aşkarlanması ilə bağlı bəhanələri nəinki etibarsızdır, həm də texniki cəhətdən mümkün deyil".

Mayın sonunda Associated Press agentliyi MAQATE-nin məxfi hesabatına istinadən xəbər verib ki, agentliyin İranın iki nüvə obyektində uran hissəciklərinin aşkarlanması ilə bağlı Tehrana daha sualı yoxdur. Bildirilib ki, MAQATE uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlayıb, onun hissəcikləri Fordodakı yeraltı obyektdə tapılıb. Bu məsələ son bir neçə ayda gərginliyə səbəb olub, çünki atom bombası yaratmaq üçün 90%-ə qədər zənginləşdirilmiş uran lazımdır.

Bundan əlavə, MAQATE müfəttişləri Tehrandan təqribən 525 kilometr cənub-şərqdə yerləşən Merivandakı elan olunmamış nüvə obyektində süni uranın mənşəyi ilə bağlı araşdırmanı bağlayıblar. Netanyahu 2019-cu ildə məhz bu obyekin İranın elan olunmamış nüvə silahı proqramının bir hissəsi olduğunu dünyaya elan etmişdi. 

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran bu ölkənin nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin may ayında Donald Trampın rəhbərliyi altında ABŞ JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->