Xəbər lenti

Ölümcül istilər yenidən Avropanı bürüyəcək - ÜST-dən xəbərdarlıq
Dünya 09:01 08.07.2026

Ölümcül istilər yenidən Avropanı bürüyəcək - ÜST-dən xəbərdarlıq

Avropa yeni ekstremal hava şəraitinə hazırlaşır. Səhiyyə rəsmiləri xəbərdarlıq edirlər ki, qarşıdakı həftələrdə qitədə yeni və daha güclü isti hava dalğaları müşahidə oluna bilər. 

Qayanrinfo xəbər verir ki, bu barədə "Daily Star” nəşri yazır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada müşahidə olunan ekstremal istilərlə bağlı xəbərdarlıq edib. Proqnozlara əsasən, bu həftə Portuqaliya və İspaniyanın cənubunda havanın temperaturu 43 dərəcəyədək yüksələcək. Xəbərdarlıq Avropanın bir sıra bölgələrinin son günlər meşə yanğınlarından zərər çəkməsinin ardından edilib.

ÜST-ün Avropa üzrə regional direktoru Hans Henri Klyugenin (Hans Henri Kluge) sözlərinə görə, əsas problemlərdən biri təşkilatın Avropa regionuna daxil olan üzv dövlətlərin yarıdan çoxunda isti hava dalğalarının təsirinin azaldılması və əhalinin sağlamlığının qorunması üzrə milli fəaliyyət planlarının olmamasıdır.

O bildirib ki, ölkələrdə müşahidə olunan əsas problemlərdən biri insanların, hətta "qırmızı xəbərdarlıq" elan edildiyi hallarda belə, şəxsi risklərini kifayət qədər qiymətləndirməmələridir.

Mütəxəssislər həmçinin soyutma məntəqələrinin sayının artırılmasının və onların yerləşdiyi ünvanlar barədə məlumatlandırmanın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunur ki, bu tədbirlər xüsusilə evsiz insanlar üçün böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, səhiyyə infrastrukturunun iqlim dəyişikliklərinə davamlılığının artırılması da prioritet hesab edilir.
 


Bildirilir ki, bəzi ölkələrdə anomal istilərlə bağlı xəbərdarlıqların və müvafiq tədbirlərin tətbiqində inzibati gecikmələr müşahidə olunur. Bu isə ictimai səhiyyə tədbirlərinin vaxtında həyata keçirilməsinə mane ola bilər.

ÜST qeyd edir ki, qocalar evlərində yaşayanlar, evsiz insanlar və sosial təcrid şəraitində yaşayan yaşlı şəxslər hələ də kifayət qədər dəstək almırlar.

Məlumata görə, Fransada iyunun son həftəsində ölüm halları əvvəlki həftə ilə müqayisədə 29 faiz artıb. Fransanın səhiyyə naziri Stefani Rist 45 yaşdan yuxarı şəxslər arasında ölüm hallarının nəzərəçarpacaq dərəcədə artdığını bildirib.

Belçikada isə isti hava dalğası dövründə normadan artıq 1 222 ölüm halı qeydə alınıb ki, bu da gözlənilən göstəricidən 39 faiz çoxdur. Həmin halların təxminən yarısı 85 yaşdan yuxarı insanların payına düşüb.

Hazırda Avropanın bəzi bölgələri, o cümlədən Böyük Britaniya yaxın günlərdə gözlənilən növbəti isti hava dalğasına hazırlaşır.

"BBC Weather”in məlumatına görə, Fransa və Böyük Britaniyanın cənubunda temperaturun yenidən yüksələcəyi proqnozlaşdırılır. Avropa hazırda dünyada ən sürətlə istiləşən qitə hesab olunur və burada temperatur artımı qlobal orta göstəricidən təxminən iki dəfə yüksəkdir.

Hans Henri Klyuge bildirib: "Növbəti isti hava dalğası artıq Atlantik okeanı üzərində formalaşır. Bu həftə Portuqaliya və İspaniyanın cənubunda temperaturun 43 dərəcəyə çatacağı gözlənilir. Fransa və Benilüks ölkələri yeni isti hava dalğasına hazırlaşır. Mərkəzi Asiyanın bəzi bölgələrində isə artıq 40 dərəcə isti müşahidə olunur. İstilərlə mübarizə üzrə fəaliyyət planları insanların həyatını xilas edir. Belə planlara malik ölkələr operativ reaksiya verir, qurumlar arasında koordinasiyanı təmin edir və əhalini daha effektiv qoruyurlar".
 


Məlumata görə, Avstriya istilərlə mübarizə üzrə yenilənmiş fəaliyyət planını qüvvəyə mindirib, iş yerlərində istilərdən qorunma qaydalarını tətbiq edib, həmçinin milli və regional koordinasiya mexanizmlərini gücləndirib.

Belçikada isə 2020-ci ildən bəri cəmi ikinci dəfə ən yüksək səviyyəli istilik xəbərdarlığı elan olunub.

Fransada müxtəlif dövlət qurumları arasında koordinasiya səhiyyə sisteminə düşən yükün azaldılmasına və isti hava dalğalarının təsirinə qarşı görülən tədbirlərin gücləndirilməsinə kömək edib. Şimali Makedoniya isə evsiz insanlara dəstək göstərmək məqsədilə Qırmızı Xaç və Qırmızı Aypara təşkilatları ilə əməkdaşlıq edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->