Melanoma müalicəsində inkişaf etdirdiyi yenilikçi metodlarla tibbdə inqilab yaradan və daha sonra ölümcül beyin şişinə qarşı öz kəşflərini sınaqdan keçirmək üçün "sıfır nömrəli pasiyent” – yəni "sınaq subyekti” olmağı qəbul edən dünyaca məşhur avstraliyalı patoloq professor Riçard Skolyer diaqnozdan üç il sonra, 59 yaşında vəfat edib. O, geridə tibbi dəyişdirən bir irs və insanlığa ilham verən cəsarət hekayəsi qoyub.
Qaynarinfo xəbər verir ki, Riçard Skolyer və həmkarı professor Corcina Lonq Avstraliyanı dünyada ən çox təsir edən ölümcül dəri xərçəngi növü olan melanomanın araşdırılmasına həsr etmişdi. "Melanoma Institute Australia”nın birgə direktoru olan ikili tibb dünyasında dönüş yaradan müalicə protokolu hazırlamışdı.
Ənənəvi yanaşmadan fərqli olaraq, immunoterapiya dərmanlarını cərrahiyyə əməliyyatından əvvəl tətbiq edərək immun sisteminin yalnız şiş qalığını deyil, bütöv şişi hədəfləməsini təmin etmişdilər. Bu yanaşma sayəsində 2010-cu ildə 5 faizdən aşağı olan sağqalma göstəricisi bu gün 50 faizdən yuxarı yüksəlib və minlərlə insanın həyatını xilas edib. Bu uğur Skolyer və Lonqu 2024-cü ildə birgə "İlin avstraliyalısı” mükafatına layiq görüb.
Şok diaqnoz: "Ölümü belə qəbul edə bilməzdim”
2024-cü ildə bu mükafatı aldığı dövrdə Skolyer artıq öz həyatının ən böyük mübarizəsini aparırdı. Hər şey 2023-cü ilin mayında, Polşanın Krakov şəhərində bir triatlon turnirindən üç həftə sonra otel otağında keçirdiyi tutma ilə başlayıb.
MRT müayinələri onun temporal payında kütlə aşkar edib. Sidneydə aparılan biopsiya isə acı həqiqəti üzə çıxarıb: Skolyer ən aqressiv beyin xərçəngi növlərindən biri olan 4-cü mərhələ IDH-wildtype glioblastoma xəstəsi idi. Həkimlər ona cəmi 6–8 ay ömür vermişdi.
O, "Brainstorm” adlı kitabında həmin anları belə xatırlayırdı: "Ölmək istəmirdim, həyatı sevirdim. Heç nə etmədən ölümü qəbul etmək mənə doğru gəlmirdi. Müalicəsi yoxdur? Qətiyyən!”
Beyin xərçəngində dünyada ilk
Skolyer geri çəkilmək əvəzinə həmkarı Corcina Lonqun rəhbərlik etdiyi komanda ilə radikal qərar verir: melanomada uğur qazandıqları yanaşmanı öz beynində sınaqdan keçirmək.
Beləliklə, dünyada ilk dəfə olaraq beyin xərçəngi xəstəsinə əməliyyatdan əvvəl kombinə immunoterapiya tətbiq edilib. Bu, ciddi risklər daşıyırdı: əməliyyatın gecikməsi şişin sürətlə böyüməsinə və ya dərmanların ölümcül yan təsirlərinə səbəb ola bilərdi.
Amma Skolyer öz şişinin xüsusiyyətlərinə uyğun hazırlanmış, immun sistemini gücləndirən eksperimental müalicəni qəbul edib. Əməliyyatdan sonra çıxarılan şişdə immun hüceyrələrin güclü reaksiyası müşahidə olundu və müalicənin təsirli olduğu görünüb.
2024-cü ilin mayında MRT nəticələri şişin geri qayıtmadığını göstərib. O, həmin vaxt belə demişdi: "Tam yox olduğunu demir, amma hələ geri dönmədiyini bilmək mənə vaxt qazandırır".
Ümidə çevrilən riskli təcrübə
Skolyer bütün prosesi sosial şəbəkələrdə açıq şəkildə paylaşıb. Lakin 2026-cı ilin martında vəziyyət yenidən pisləşib. O, Tazmaniyada xeyriyyə veloyürüşündən əvvəl xəstəliyin irəlilədiyini açıqlayıb.
Diaqnozdan üç il sonra onun ölümü glioblastoma üçün gözlənilən orta ömür müddətini xeyli aşmış olub. Onun təcrübəsi əsasında ABŞ-ın Duke Universitetində yeni klinik tədqiqatlar başladılıb.
Həyat fəlsəfəsi və vida
1966-cı ildə Tazmaniyada doğulan Skolyer uşaqlıqda anasının xəstəlik təcrübəsindən təsirlənərək həkim olmağa qərar vermişdi. O, 39 yaşında professor olmuş, 2021-ci ildə Avstraliya ordeni ilə təltif edilmişdi.
Vida məktubunda o yazırdı: "Sevgi, həvəs və birlikdə işləmək imkanları ilə dolu bir həyat yaşadım. Gələcəyi başqaları üçün dəyişdirmək məsuliyyətimiz olduğuna inanırdım".
Avstraliya baş naziri Entoni Albaniz onu "ən parlaq və ən böyük ürəklərdən biri” adlandırıb.
Riçard Skolyer özündən sonra həyat yoldaşı və üç övladını qoyub. Onun öz bədəni üzərində apardığı son elmi addım isə xərçənglə mübarizədə milyonlarla insana ümid verməyə davam edir.
Aydın
Şərhlər