Xəbər lenti

Orta məktəblərdə süni intellekt fənni tətbiq oluna bilər? - Təhsil eksperti
Texnologiya 19:11 19.02.2026

Orta məktəblərdə süni intellekt fənni tətbiq oluna bilər? - Təhsil eksperti

"Orta məktəblərdə süni intellekt adlı müstəqil fənn də tədris oluna bilər. Hər halda bu çox vacib istiqamətlərdəndir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. 

Onun sözlərinə görə, hazırda XXI əsrin əsas siması hesab edilən süni intellektin təhsil sahəsinə tətbiqi dünyanın bir çox ölkələrində uğurla baş tutub:

"Süni intellekt müəllim, şagird və tələbələrə bir çox məsələlər istiqamətində çox ciddi yardımçı olmağı bacarıb. Bir çoxları süni intellekt alətlərindən yalnız "Google” axtarış sistemi səviyyəsində yararlanır və onun yeni məzmun yaratma, yeni ideya bankı hədiyyə etmə bacarığından istifadə etmirlər. Süni intellektdən yanlış istifadə, həqiqətən də, təhsilin gələcək inkişafına ciddi mane olur. Süni intellekt təhsil prosesində istifadəçilərdə dərslərin planlaşdırılması, mövzuların tədrisi ilə bağlı proqramların hazırlanması bacarıqlarını vərdiş halına çevrilməsi, müəllimlərə şagirdlərin qiymətləndirilməsi kimi işlərdə çox yardımçı olur. Onun köməkliyi ilə məktəb mühitində şagird diferensasiyası və administrativ tapşırıqları optimallaşdırmaq vərdişlərini gücləndirmək mümkündür".
 


Elmin Nuri hesab edir ki, təhsil mühitində süni intellektin inkişafı istiqamətində görüləsi vacib işlərdən biri də dərsliklərə süni intellektə aid bilgiləndirici məzmunların əlavə edilməsi və daha da artırılmasıdır:

"Hazırda orta ümumtəhsil müəssisələrində həyat bilgisi, informatika və riyaziyyat kimi fənlərin proqramına süni intellektə aid dərsləri əlavə etmək olar. Amma bu o demək deyil ki, süni intellekt başqa fənlərin kurikulumda bir mövzu olaraq əks olunmamalıdır. Əksinə, biz məsələn kimyada süni intellektin tətbiqindən danışırıqsa, hazırda bununla bağlı elmi məqalələr oxuyuruqsa, bu, o deməkdir ki, orta məktəblərin kimya dərsliklərində də süni intellektə aid hər hansı mövzu olmalı və bu əsas predmetə uyğunlaşdırılmalıdır. Məsələn, "kimya və süni intellekt” mövzunu kimya dərsliklərinə, "fizika və süni intellekt” mövzusu isə fizika kitablarında özünə yer tapa bilər. Bu məntiqlə, profilindən asılı olmayaraq bütün fənlərin adını çəkə bilərik. Çünki süni intellekt məkan və zaman tanımadığı kimi, artıq predmetlər, sahələr arasında da sərhəd tanımır".

Elmin Nuri əks arqument kimi "yaxşı, bəs o fənni kim keçəcək” sualına da cavab verib:

"Doğrudur, haqlı sualdır, amma bu sualın daxilindəki neqativliyi də aradan qaldırmaq gücümüzə inanmalıyıq”.

Bahar Rüstəmli

--> -->