"Paşinyan Vatikanla münasibətlərdə yeni səhifə açmaq niyyətindədir. Ancaq onun Vatikana səfəri sadəcə prezentasiya xarakterli olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Ermənistan baş naziri Nikol Paşinyanın Vatikana səfərini şərh edərkən deyib.
Tofiq Abbasov bildirib ki, Vatikanla Ermənistan arasında müəyyən münasibətlər var:
"İrəvanın bu münasibətlərdən gözləntiləri həmişə həddən artıq böyük olub. Hətta Serj Sarkisyanın dövründə kürəkəni Vatikanda səfir işləyib. Bu dövrdə onların əsas fəaliyyəti 2015-ci ildə qondarma "erməni soyqırımı"nın 100 illiyilə bağlı həmin tarixin geniş formatda qeyd olunmasına nail olmaq üçün Vatikanın əlindən gələn dəstəyi göstərməsinə hesablanmışdı. Ancaq həmin dövrdə İrəvan Vatikanın cüzi dəstəyinə nail oldu. Cəmi 4 lider həmin dövrdə İrəvana səfər etdi. 1694-cü ildə Vatikanda xristian əhalinin Qafqaza köçürülməsi müzakirə obyekti olub".
Müasir dövrdə Vatikanın dövlət olaraq prioritetlərinin olduğunu deyən həmsöhbətimiz İrəvanın da bu prioritetlər sırasında özünə də yer etməyə çalışdığını qeyd edir:
"Ermənistan Vatikan vasitəsilə çalışır ki, dünyanın geosiyasi aləmində qüvvələr nisbətini öz xeyrinə dəyişsin. Ancaq bu alınmayacaq. Vatikanla Azərbaycanın gözəl münasibətləri var. İtaliya da Azərbaycanın ən yaxın dostudur".
Ekspert düşünür ki, Paşinyan bu səfərlə Vatikanla münasibətlərdə yeni səhifə açmağa çalışacaq:
"Paşinyan Papa ilə münasibətlərin yeni start məqamına qədəm qoyulmasına çalışır ki, İrəvanın Vatikana lazım olduğuna onu inandıra bilsin. Bu sadəcə bir prezentasiya xarakterli səfər olacaq. Ondan böyük gözləntilər gözləmək əbəsdir. Paşinyan sadəcə bu səfərlə ölkə daxilində öz elektoratını artırmağa çalışacaq".
Qeyd edək ki, Ermənsitan mətbuatı baş nazir Nikol Paşinyanın noyabrın 18-də Vatikana işgüzar səfərə gedəcəyini yazıb. Burada onun Roma Papası I Fransisklə görüşəcəyi iddia edilir.
Rüfət Sultan
Şərhlər