"Tramp əvvəlki hakimiyyətin qəbul etdiyi qərarları dəyişir və yaxud ləğv edir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Paşinyanın ABŞ senator və konqresmenlərlə görüşündə iki ölkə arasında Bayden dövründə imzalanan strateji tərəfdaşlıq sazişinin təsdiqi, qüvvəyə minməsi və fəaliyyət mexanizmlərilə bağlı məsləhətləşmələr aparılıb".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri fonunda bir sıra senator və konqresmenlərlə keçirdiyi görüşü şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqavilə hələlik prinsip etibarı ilə rəsmən Konqres tərəfindən təsdiq olunmayıb:
"Yəni hələlik qüvvəyə minməyib. Bu mənada, Paşinyan konqresmen və senatorlarla görüşdə həmin məsələ barədə danışarkən ola bilsin ki, sənədin təsdiqi məsələsini önə çəkib. Əməkdaşlıq haqqında həmin bəyannamə isə daha çox ümumi xarakterli sözlərdən ibarətdir və daha çox niyyət protokolu xarakteri daşıyır".
Strateji tərəfdaşlıq sazişinin dərinləşdirilməsi və genişləndirilməsi məsələsinə gəldikdə, həmsöhbətimizin fikrincə, burada söhbət əməkdaşlığın genişləndirilməsi, ABŞ hərbi qüvvələrinin, yaxud da onların cüzi hissəsinin Ermənistanda yerləşdirilməsi, sərhəd mühafizəsi məsələsinin genişləndirilməsi və Rusiyanın regiondan çıxarılmasına səbəb olacaq digər əməliyyatların keçirilməsindən gedə bilər:
"Amma sazişin işləmə mexanizmi hazır olmadığından bu barədə konkret danışmaq hazırki situasiyada çətindir. İstisna deyil ki, görüş fonunda sazişin işləmə mexanizmi, bunun üçün hansı tədbirlərin hazırlanacağı, onun necə fəaliyyət göstərəcəyi də müzakirə edilib".
Qulamhüseyn Əlibəyliyə görə, Paşinyan qorxur ki, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra əvvəlki Bayden iqtidarı dövründə bağlanan müqaviləyə yenidən baxıla bilər:
"Məlumdur ki, Tramp əvvəlki hakimiyyətin qəbul etdiyi qərarları dəyişir və yaxud ləğv edir. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, Paşinyanın ABŞ senator və konqresmenlərlə görüşündə sazişin təsdiqi, qüvvəyə minməsi və fəaliyyət mexanizmlərilə bağlı məsləhətləşmələr aparılıb".
Qeyd edək ki, ABŞ səfəri çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan ölkənin bir çox senator və konqresmenlərilə görüş keçirib. O, senator Rocer Uiker, konqresmenlər Endi Harris, Frenk Pallon və Riçard Hadsonla görüşüb. Görüş çərçivəsində İrəvanla Vaşinqton arasında strateji tərəfdaşlığın inkişaf persperktivləri müzakirə olunub. Paşinyan ABŞ-la bütün sferalar üzrə əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsində maraqlı olduğunu dilə gətirib.
Rüfət Sultan
Şərhlər