İdman 14:04 03.12.2022

Pele xəstəxanadan paylaşım etdi

Səhhətinin yenidən pisləşməsi ilə pərəstişkarları narahat edən braziliyalı əfsanə Pele xəstəxanaya yerləşdirilməsi ilə bağlı açıqlama verib.

Qaynarinfo-nun məlumatına görə xəstəxanaya yerləşdirilən ötənlərin məşhur futbolçusu sosial media vasitəsilə səhhəti haqda paylaşım edib. Pele DÇ-2022-nin keçirildiyi Qətərdə binaların birində elektron lövhədə onun üçün yazılmış "Tez sağal" mesajını İnstaqram hesabında paylaşıb.

2021-ci ilin sentyabrında prostat vəzindəki şişdən əməliyyat olunan 82 yaşlı Pele səhhəti ilə bağlı paylaşımında belə deyib: "Dostlar, mən xəstəxanada aylıq müayinələrdən keçirəm. Müsbət mesajlarınızı almaq həmişə xoşdur. Gözəl mesaja görə Qətərə və xoş niyyət arzulayan hər kəsə təşəkkür edirəm”.

Braziliyalı keçmiş futbolçu son illərdə böyrək və prostat vəzində yaranan problemlərə görə dəfələrlə xəstəxanaya yerləşdirilib.

Futbol tarixinin ən yaxşıları arasında göstərilən Pele, dünya çempionatını ən çox (1958, 1962, 1970) qazanan yeganə oyunçu ünvanını özündə saxlayır.

Səbuhi Həsənov