Yunanıstan basketbolunda həyata keçirilən bir transfer aləmi qarışdırıb.
Qauynarinfo-nun məlumatına görə, "Olimpiakos"un oyunçusu Kostas Sloukasın prinsipial rəqibi "Panatinaikos"a transfer olunması ciddi etirazlara yol açıb. Ancaq azarkeşlərin hədə-qorxuları belə Sloukasu yeni komandasına keçməkdən çəkindirməyib. Bu transfer aralarında baş tutan hər matçın xoşagəlməz hadisələrlə bitdiyi və rəqabəti düşmənçiliyə çevirən iki Yunanıstan klubunu yenidən qarşı-qarşıya gətirib.
"Olimpiakos”un sahiblərindən Giorgos Aggelopoulos açıqlamasında basketbolçunun ünvanına, "Sən yalançı və satqınsan. "Panatinaikos"a keçməməyini istədiyimizi deyəndə, stuldan sıçrayıb o kluba 10 milyon avro qarşılığında belə getməyəcəyini söyləmişdin" - sözlərini deyib.
Yunan mətbuatı Sloukasın əvvəlcə "Fənərbağça"ya keçmək istədiyini, son anda fikrini dəyişdiyini və illik üç milyon avrodan çox məvacib təklif edən "Panatinaikos"u seçdiyini yazıb. Avtoqraf paylayan və fotoları yayımlanan Sloukasa "Olimpiakos" azarkeşləri təhqir mesajlar yağdırıb, hətta ölümlə hədələyənlər olub.
Avropa basketbolunda ilin transferinə imza atan "Panatinaikos”un yeni baş məşqçisi Ergin Ataman Yunanıstan mətbuatına açıqlamasında "Avropanın ən yaxşı oyun qurucusunu transfer etdik. Hədəflərimiz böyükdür. "Bəziləri xəyal edir, bəziləri həyata keçirir".
Səbuhi Həsənov