Xəbər lenti

Putin ömürlük prezident?..
Hüseynbala Səlimov
Dünya 11:54 04.12.2023

Putin ömürlük prezident?..

Elə sözlər, ifadələr və hətta anlayışlar var ki, onlar normal ölkələrdə çoxdan ictimai və siyasi leksikondan çıxıb. Belə ölkələrdə, məsələn, "zəhmətkeş məktubları”, "zəhmətkeşlərin müraciəti” kimi ifadələrə rast gəlmək demək olar ki, mümkün deyil. 

Ona görə ki, onlar özlərində təkcə sinfi ideologiyanın elementlərini ehtiva etmirlər, həm də əməyin əsl mahiyyətini belə təhrif edirlər - bəli, belə çıxır ki, hansısa şirkətin ən adi bir işçisi, tutaq ki, qapıçısı belə "zəhmətkeş” adlana bilər, amma bunu həmin şirkətin sahibinə qəti şamil etmək olmaz! 

Bəri başdan deyək ki, bizim bu yazıda bəhs edəcəyimiz ölkədə - Rusiyada vəziyyət bir qədər fərqlidir, çünki o, hələ də keçmişin, xüsusən də özünün kommunist keçmişinin qalıqlarını özündə yaşadır...

Bəs Rusiyanın bu xüsusiyəti nədən yadımıza düşdü? Növbəti ildə bu ölkədə prezident seçkiləri olmalıdır. Hələ seçkiyə start verilməsə də, hələ namizədlərin belə kim olacağı bəlli olmasa da, artıq hakim partiyanın və hökumətin ünvanına "zəhmətkeşlərin müraciətləri” daxil olmaqdadır. Bəs bu dəfə "zəhmətkeşlər” nə istəyir, nə təklif edirlər? Bəli, onlar təklif edir ki, Putin ömürlük prezident olsun! Əlbəttə, aydın məsələdir ki, bu dəfə də "zəhmətkeşlər” məsələsi bir fiksiyadır, bütün bunları təşkil edən hakim partiyanın özü və yaxud da onun əlaltılarıdır...

O ki qaldı Vladimir Putinə, onun hakimiyyətdə qalması əslində bizim maraqlarımıza cavab verir (hələ ki). Ona görə ki, o, özündən əvvəlki prezidentdən - içki düşkünü Boris Yeltsindən fərqli olaraq, Azərbaycana və azərbaycanlılara normal münasibət bəsləyir. Məgər Boris Yeltsin o vaxtki Ermənistanın prezidenti Levon Ter-Petrosyana deməmişdimi ki, mən elə edəcəm bu türklər (yəni, azərbaycanlılar!) sizin qarşınızda diz çökəcəklər! Hər halda, o dövrün qəzetləri belə yazırdılar... 

Amma hələ heç bir siyasətçiyə bir xalqdan güclü çıxmaq müyəssər olmayıb. Bu mənada Yeltsin də, onun regional arzuları da çin olmadı - biz azərbaycanlılar nəinki ermənilər qarşısında diz çökmədik, hətta onları öz qarşımızda diz çökdürdük və torpaqlarımızı tamam azad etdik. 
Əlbəttə, bu prosesdə indiki Rusiyanın və onun prezidenti Vladimir Putinin də müəyyən qədər rolu oldu - Moskva nəhayət başa düşdü ki, Qafqazlarda öz geosiyasi maraqlarını təmin etmək üçün mütləq Azərbaycanla da dil tapmalıdır. Ona görə də II Qarabağ savaşında tamamilə olmasa da, qismən neytral qaldı...

Əlbəttə ki, Rusiyanın indiki prezidenti Vladimir Putinin siyasi və geosiyasi missiyası haqqında yekun söz demək hələ tezdir, ona görə ki, proses hələ bitməyib, "putiniada” hələ də davam edir. 

Burada yalnız onu deyə bilərik ki, Putin SSRİ-nin bərpasını Boris Yeltsindən də çox istəyir. Məhz buna görə də əvvəlcə SSRİ-nin himnini Rusiyanın himni etdi (buna hətta təqaüddə olan Yeltsin də etiraz etmişdi!), daha sonra isə Ukrayna ilə müharibə başlandı. Məhz Ukrayna müharibəsinin sonu ya onun siyasi karyerasına son qoyacaq, ya da onun siyasi arzusuna - ömürlük prezident olmaq arzusuna yol açacaq.  
Hələ onun sərəncamında daha bir prezidentlik müddəti var. Böyük ehtimalla növbəti ildə də prezident o, olacaq. Bu, onun üçün bir şansdır, əsl kart-blanşdır ki, vəziyyəti düzəldə bilsin. 

Belədə isə Ukrayna ilə savaş demək olar ki, 9 ildir davam edir (Krımın işğalını nəzərə alsaq!). Bu Rusiyanın tarixində ən uzun ömürlü savaş oldu. Üstəgəl, unutmayaq ki, məhz belə savaşlardan biri, Əfqanıstan müharibəsi Rusiyanın bir imperiya kimi mövcudluğuna son qoymuşdu. İndi çox adam ümidlidir ki, bu dəfə də belə olacaq. Ona görə də Gürcüstan prezidenti Solome Zurabişvili deyəndə ki, bəs ukraynalılar bizim hamımızın azadlığı uğrunda vuruşurlar, elə də böyük bir xətaya yol verməyibdir, əslində doğru deyib.

Əvvəldə qeyd etdik ki, Rusiya II Qarabağ savaşı zamanı nisbətən neytral qaldı. Amma bu da təsadüfən olmadı. 

Birincisi, Bakı Kiyev kimi Qərbə can atmır və Moskvanın regional maraqlarını da nəzərə alır. İkincisi, Ukraynada müharibə aparan Rusiya üçün ikinci bir cəbhəni də Cənubi Qafqzada açmaq elə də asan məsələ deyil. Üçüncüsü, Azərbaycanın təbii müttəfiqi olan qardaş Türkiyənin proseslərə müdaxiləsi əvvəlki illərdən daha qətiyyətli və ardıcıl oldu...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->