"Qazprom"un Avropaya "Türk axını" qaz kəməri vasitəsilə tədarükü 2025-ci ilin fevral ayında tarixi maksimuma çatıb – gündəlik həcm 55 milyon kubmetri keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropanın qaz nəqli operatorlarının statistikalarına istinadən məlumat yayılıb.
"Yamal-Avropa" və "Şimal axını" qaz kəmərləri ilə tədarük dayandırıldıqdan, həmçinin 2025-ci ilin yanvarından Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti bağlandıqdan sonra "Qazprom"un Avropaya yeganə tədarük marşrutu "Türk axını" olub. Bu xəttin illik gücü 15,75 milyard kubmetr təşkil edir.
2025-ci ilin fevralında "Türk axını" vasitəsilə Rusiya qazının Avropaya gündəlik tədarükü 30,7% artaraq 55,8 milyon kubmetrə çatıb. 2024-cü ilin fevralında bu göstərici 42,7 milyon kubmetr olub. Ötən ayla müqayisədə isə tədarük 10% artıb (yanvarda 50,6 milyon kubmetr idi). Bu göstəricilər Avropa Qaz Nəqli Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatlarından əldə edilib.
Daha əvvəl "Qazprom" ayda iki dəfə ixrac göstəricilərini açıqlasa da, 2023-cü ildən etibarən statistik məlumatların dərcini dayandırıb.
Ümumilikdə, "Qazprom"un "Türk axını" vasitəsilə Avropaya qaz tədarükü 2025-ci ilin fevral ayında 1,56 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (1,24 milyard kubmetr) 260 milyon kubmetr çoxdur. Yanvar ayında isə bu göstərici 1,57 milyard kubmetr olub. "Reuters”in hesablamalarına görə, "Qazprom"un Avropaya qaz tədarükü 2024-cü ildə 13% artaraq 32 milyard kubmetrə çatıb (2023-cü ildə 28,3 milyard kubmetr idi).
Müqayisə üçün, "Qazprom"un ixracının zirvə dövrü olan 2018–2019-cu illərdə şirkət Avropaya illik 175-180 milyard kubmetr qaz tədarük edirdi və uzaq xaricə satışlarında bu marşrutun payı 80%-dən çox idi.
Alpər
Şərhlər