"Ukraynaya yardım etmək əvəzinə, bəzi ölkələr öz silah-sursatlarını Kiyevə verməməyə bəraət qazandırmaq üçün 18 yaşlılar məsələsini gündəmə atıb".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bəzi Qərb ölkələrinin Ukraynanın 18 yaşlı gəncləri hərbi səfərbərliyə cəlb etməməsini bəhanə gətirməklə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini yubatmağa çalışdığı barədə Volodimir Zelenskinin bəyanatını şərh edərkən deyib.
Həmsöhbətimizin fikrincə, Zelenski "bəzi Qərb ölkələri" deyəndə əslində ABŞ-ı nəzərdə tutur:
"18 yaşlıların da hərbi səfərbərliyə cəlb edilməsi Vaşinqtonun tələbidir. Onlar fikirləşir ki, bununla Ukrayna nəyəsə nail olacaq. Ukrayna isə nəyi və necə etmək lazım olduğunu özü bilir".
Ekspert qeyd edir ki, müharibə aparan ölkədə 18 yaşlılarla aylarla hazırlıq keçib, onları döyüşə hazırlamaq üçün dövlətin kifayət qədər vaxtı və resursları da yoxdur:
"Amma Kiyev ehtiyatda olanları çağırır. Ay ərzində Ukrayna 27 minlik ehtiyat qüvvəni səfərbər etmək gücündədir. Kiyevə yardımçı olmaq əvəzinə, bəzi ölkələr öz silah-sursatını Ukraynaya verməməyə bəraət qazandırmaq üçün bu cür fikirlər səsləndirir. Sözsüz ki, 18 yaşlılar da çağırılacaq və çağırılır. Hətta Ukraynada qadınlar da hərbi xidmətə cəlb olunur. Ukraynanın vəziyyəti gərgindir. Amerika da ona verməli raketləri Yaxın Şərqə yönəldib. Ukrayna haqlı olsa da, Trampın basqıları yenə də ona qarşıdır".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bəzi Qərb müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini yubatdığını bildirib. Ukrayna prezidenti vurğulayıb ki, onlar bu yubatmanı Ukraynanın gəncləri - xüsusilə 18 yaşlıları - hərbi səfərbərliyə cəlb etməməsi ilə əsaslandırırlar.
"Qərb tərəfdaşları sanksiyaların tətbiq olunmaması ilə bağlı səbəbləri sadalayır və əsas arqumentlərindən biri də Ukraynanın 18 yaşlıları səfərbər etməməsidir", deyə Zelenski vurğulayıb.
Zelenski isə hesab edir ki, bəzi xarici liderlərin düşündüyü kimi, 18 yaşlı kişilərin kütləvi şəkildə cəbhəyə göndərilməsi doğru yanaşma deyil. Onun fikrincə, yaxınlarda həyata keçirilən "Hörümçək toru” (Паутина) adlı xüsusi əməliyyat bir daha sübut etdi ki, əsas amil insan sayı yox, silah, texnologiya və maliyyədir.
"Eyni zamanda söhbət puldan və təzyiqdən gedir. Sanksiyalar isə məhz rusların müharibəni maliyyələşdirdiyi o pullara yönəlmiş olardı”, – deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, Ukrayna tərəfdaşlarına siyasi siqnal vermək məqsədilə 18-24 yaş arası şəxslərə birillik müqavilə əsasında xidmət imkanı yaradıb.
Rüfət Sultan
Şərhlər