"Qrossinin bölgəyə səfəri Rusiyanı təhlükəli tendensiyalara əl atmaqdan çəkindirmək məqsədi daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin gələn həftə Ukrayna, ardınca da Rusiyaya planlaşdırılan səfərini dəyərləndirirkən deyib. Ekspert bildirib ki, indiki situasiyada Zaporojye AES təhlükə mənbəyidir:
"Bu mənada, Qrossinin səfəri həmin ərazinin təhlükəsizliyinin təmin olunmasına hesablanmış çəkindirici görüş xarakteri daşıyır. Rusiya son zamanlar tez-tez təhlüksəizliyinin qarantının nüvə silahı olduğunu bəyan edir. Putin onun fərqindədir ki, məğlubiyyət onun beynəlxalq tribunal səviyyəsində məsuliyyətə cəlb olunmasına gətirib çıxara bilər. Ona görə də son silahına qədər qorunmaqda israrlı görünür. Bu təhdidlər isə Qərbi narahat edir. Bu fonda Qrossinin səfəri Rusiyanı təhlükəli tendensiyalara əl atmaqdan çəkindirmək məqsədi daşıyır”.
Amma həmsöhbətimiz Qrossinin səfərinin müsbət nəticələr verəcəyinə əmin deyil:
"Qərblə Rusiya arasında etimad böhranı yaşanır. Tərəflər bir-birinə inanmır. Qərb həmçinin Putini çəkindirməyin yeganə yolunun güc tətbiqində olduğu qənaətindədir. Ona görə də, Qrossinin səfəri indiki şəraitdə müsbət nəticə verməyəcək”.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi növbəti həftə Ukraynaya səfər edəcək. O, daha sonra Rusiyaya səfər etməyi planlaşdırır. Amma Qrossinin səfəri ilə bağlı danışan Kreml sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin MAQATE rəhbəri ilə görüş planlaşdırmadığını bildirib.
Rüfət Sultan
Şərhlər