FİFA-nın kişi və qadınlar arasında "Ballon d`Or" mükafatların qalibi oktyabrın 30-da Parisdə elan olunacaq. Artıq namizədlərin siyahısı da açıqlanıb. Təbii ki, hər il olduğu kimi bu dəfə də favoritlər arasında Lionel Messi, Erlinq Haland, Harri Keyn, Robert Levandovski kimi məşhurlar göstərilir. Ancaq son günlər Messinin növbəti - səkkizinci dəfə bu mükafata layiq olacağı barədə xəbərlər xarici KİV-lərə sızıb.
Argentina millisinin kapitanı Qətərdə keçirilən DÇ-2022-də ölkəsini qələbəyə daşıdı. Həmçinin klub səviyyəsində ötən mövsüm oynadığı PSJ ilə Liqa 1 çempionluğunu qazandı. Haland isə "Mançester Siti"dəki debüt mövsümündə bütün yarışlarda ümumilikdə 52 qol vurub və həm ölkə çempionu, həm Çempionlar Liqasının qalibi olub, üstəlik İngiltərə Kubokunu başı üzərinə qaldırıb. Bu səbəbdən əsas favoritlərin məhz bu iki futbolçu olduğu bildirilir. "Qızıl top”un beşqat sahibi Kriştiano Ronaldo 2003-cü ildən bəri ilk dəfə olaraq namizədlər siyahısında yer almayıb.
Maraqlıdır, bəs azərbaycanlı mütəxəssislər, futbol adamları kimi bu mükafata layiq görür?
Qaynarinfo-ya açıqlamasında onlar fikirlərini bölüşüblər.
Qurban Qurbanov "Qarabağ”ın baş məşqçisi
- Əsas prioritet dünya çempionatıdırsa, burada başqa məsələ ola bilməz. Təbii ki, Messinin bu mükafatı qazanması qanunauyğundur.
Ronaldonun siyahıda olmaması haqda bir söz deyə bilmərəm. Niyə siyahıda yoxdur, onu da bilmirəm. Amma Ronaldonun namizədlər arasına salınmaması, onun ən yaxşılardan olmadığına dəlalət etmir. Ronaldoya həmişə böyük hörmət bəsləmişəm və bu yaşda istəkliliyi, göstərdiyi performans nəyə desəniz dəyər. Onun siyahıda olmaması heç nəyi dəyişmir, mənim üçün ən yaxşılardan biridir.
Vaqif Cavadov, millimizin sabiq futbolçusu
- Bu il həmin mükafata mən də Messini layiq görürəm. Çünki ötən il dünya çempionu olub. Həm də ki, həmin il komandasını çətin vəziyyətdən çıxardı. Hazırda bu mükafata Messidən daha çox layiq olan futbolçu görmürəm. Haland üçqat qalib olub, amma dünya çempionu olmayıb. Həm də ki, gəncdir. Hələ stabil olmalıdır. Fikrimcə, gələn il ola bilər. Messinin isə təkcə dünya çempionluğu yox idi. Onu da qazandı və çox gözəl oyun nümayiş etdirdi. Ronaldonun adının siyahıda yer almaması normaldır. Çünki bu futboldur. Həm millidə yaxşı çıxış etmədi, həm də klubunda bu mövsüm problemlər yaşadı. Messidə isə hər şey stabil idi. Məncə, futbol ictimaiyyətinin, azarkeşlərin Messini seçməsi doğru qərardır.
Arif Əsədov, millinin məşqçisi
- Messi Qətərdə keçirilən dünya çempionu oldu. Onun adında artıq dünyan çempionluğu titulu da var. Sonradan Amerikaya getdi. Fikrimcə, bu Messinin alacağı son mükafat ola bilər. Yaş da o deyil artıq. Oynadığı çempionat da reytinqə uyğun olmadığı üçün bu il Messinin qalib olacağını daha real sayıram. Haland məncə, gəncdir və tam bişməyib. O ada layiq olmaq üçün milli səviyyəsində də uğurlar qazanmalıdır. Belədə reytinqi o meyarlara cavab verə bilər. Düşünürəm ki, növbəti illərdə ən böyük perspektiv Halandla bağlıdır.
Ronaldonun siyahıda olmaması normaldır. Dünya çempionatında bəzi oyunlarda ehtiyatda oturdu. Həlledici rol oynamadı. Sonradan Səudiyyə Ərəbistanına getdi. Hansı ki, hazırda o ölkənin çempionatının səviyyəsi Avropadan çox geridə qalır. Bu amillər Ronaldonun siyahıya düşməsinə mane oldu”.
Əfran İsmayılov, yığmanın keçmiş futbolçusu
- Fikrimcə, mübarizə Halandla Messi arasında gedəcək. "Qızıl top”u da Messi götürəcək. Çünki Messi Messidir. Ola bilər İngiltərə çempionatı daha çətindir. Yenə də Messinin oyunquruculuğu, ötürmələri, qol vurması, komandanı arxasınca aparması daha önəmlidir. Ona görə də onu seçərdim. Ən birinci amil isə Messinin dünya çempionu olmasıdır, bu öz yerində. Nə olur-olsun, dünya çempionatı bir nömrəli yarışdır. Bu üzdən o, hamıdan bir neçə addım öndədir. Hə, bir qədər zəif çempionata getdi, bu da başadüşüləndir. Daha yaxşı çempionatlara gedə bilərdi, öz istəyi ilə oranı seçdi. Ümumilikdə həyatda hər şey qazanıb, bir dünya çempionatı qalmışdı. Keçən il onu da qazandı”.
Səbuhi Həsənov
Şərhlər