ABŞ prezidenti Donald Trampın ən yaxın müttəfiqlərindən bəziləri dövlət katibi Marko Rubionu 2028-ci il seçkilərində ciddi namizəd kimi görür.
Qaynarinfo xəbər verir ki, "Politico"nun yazdığına görə, onun Venesuelada Nikolas Maduronun devrilməsi istiqamətində fəaliyyəti və Trampa sadiqliyi Ağ Evdə, eləcə də bəzi MAGA seçiciləri arasında mövqelərini gücləndirib. Bununla belə, Rubio daha əvvəl bildirib ki, o, vitse-prezident Cey Di Vensin namizədliyinə qarşı çıxmayacaq və namizədliyini irəli sürəcəyi halda Tramp tərəfdarlarının əksəriyyətinin dəstəyini qazanıb-qazanmayacağı hələ də qeyri-müəyyəndir.
Keçən ay keçirilən CPAC sorğusuna əsasən, Rubionun reytinqi kəskin artaraq ötən ilki 3 faizdən 35 faizə yüksəlib. Bu arada Vensin reytinqi ötən ildəki 61 faizdən aşağı düşsə də, o, hələ də 53 faizlə liderliyini qoruyur. "YouGov" sorğuları da oxşar tendensiyanı göstərir: aprel ayında Vens potensial respublikaçı namizədlər arasında 63 faizlə birinci olub, Rubio isə 42 faiz toplayıb. Müqayisə üçün, sentyabr sorğusunda Vens 65 faiz, Rubio isə 33 faiz nəticə göstərmişdi.
"Rubio Vensi Trampın varisləri siyahısından çıxarmayıb, lakin Ağ evin iki yüksək vəzifəli rəsmisinin və administrasiyaya yaxın beş nəfərin sözlərinə görə, dövlət katibinin Trampın yerini tuta biləcək real variant kimi müzakirəsi aparılır", deyə nəşr qeyd edir.
Beləliklə, Tramp administrasiyasının yüksək səviyyələrində Rubionun tərəfdarlarının sayı artır. Onların əksəriyyəti Rubionu təcrübəli siyasətçi kimi xarakterizə edir və onun dövlət katibi və Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi ikili rolu onu mühüm qərarların mərkəzinə gətirir.
Rubionun populyarlığının artması qismən də administrasiyanın Qərb yarımkürəsinə dair yeni sərt siyasətində oynadığı əsas rolla izah olunur. O, ehtimal olunan narkokartellərə qarşı zərbələrdə, eləcə də Venesuela və Kubadakı əməliyyatlarda fəal iştirak edib.
Rubionun xeyrinə olan digər məqam isə qalmaqallardan və rəhbərliyi çətin vəziyyətə sala biləcək rezonanslı hadisələrdən uzaq durmasıdır. O, həmçinin heç vaxt Trampla münaqişədə ittiham olunmayıb.
"O, normallığı, sağlam düşüncəni və müəyyən qədər Tramp/MAGA üslubunu çox yaxşı birləşdirir", deyə Ağ evə yaxın Respublikaçı Partiya əməkdaşı bildirib.
Buna baxmayaraq, Vens hələ də əsas namizədlərdən biri olaraq qalır. O, sorğularda liderdir, siyasətə ciddi yanaşır və həm administrasiya daxilində, həm də xaricində – o cümlədən Donald Tramp Jr. və milyarder İlon Mask kimi şəxslər arasında geniş dəstəyə malikdir.
Mənbələr həmçinin qeyd edir ki, Rubio əvvəlcə prezident olmaq istəyib-istəmədiyinə qərar verməlidir. "İnsanlar onu bəyənir, amma sonda Markonun özü bu vəzifəni istəyib-istəmədiyinə qərar verməlidir", – deyə Rubionu şəxsən tanıyan bir şəxs bildirib.
Aydın
Şərhlər