Rumıniya Fransanın "Naval Group” şirkəti ilə 1,2 milyard avroya dörd döyüş gəmisi almağa dair razılaşmanı ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters Rumıniyanın Müdafiə Nazirliyinə istinadən məlumat
yayıb.
Qeyd olunur ki, şirkət və onun Rumıniyadan olan kiçik tərəfdaşı "Santierul Naval Constanta” müqavilənin imzalanması üçün son tarixə əməl etmədiyindən müqavilə ləğv edilib.
"Naval Group” şirkəti 2019-cu ildə Rumıniya üçün dörd "Gowind” tipli korvetinin tikintisi, eləcə də "Santierul Naval Constanta” ilə birlikdə iki mövcud freqatın rekonstruksiyasına dair 1,2 milyard avroluq tender qazanıb.
Lakin əvvəlcə hüquqi problemlər, daha sonra isə hər iki şirkətin xərclərin artması ilə bağlı razılığa gələ bilməməsi səbəbindən müqavilə dayandırılıb.
Rumıniya Hərbi Dəniz Qüvvələri ölkənin silahlı qüvvələrinin ən az modernləşdirilmiş qoludur. Bu ölkə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cavab olaraq bu il müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artırıb.
Nizami Bağırov