Qaynarinfo BBC saytının Rusiya üzrə redaktoru Stiv Rozenberqin məqaləsini təqdim edir:
Marinanın iki oğlu keçən qış Rusiya ordusuna çağırılanda o, övladlarının bir illik hərbi xidmət keçməsi fikrini yaxşı qarşılayıb.
"Mən onlara dedim ki, onlar xidmət etməlidirlər, - Marina mənə deyir, - bu onların vətənə borcudur”.
Ancaq bir neçə həftə sonra onun oğulları Ukrayna ilə sərhədə yaxın əraziyə aparıldığına görə Marina narahat olmağa başlayıb.
Fevralın 24-də prezident Vladimir Putin rus qoşunlarına Ukraynaya daxil olmağı əmr edib. Həmin gündən Marinanın (əsl adı deyil) oğulları ilə əlaqəsi kəsilib.
"Vaxt mənim üçün dayandı. Yeyə bilmədim. Yata bilmədim. Eyni hərbi hissədən olan digər çağırışçıların anaları ilə mesajlaşdım. Məlum oldu ki, onların da çoxunun uşaqları ilə əlaqəsi kəsilib",- Marina deyir.
Kreml söz vermişdi ki, rusiyalı çağırışçılar Ukraynaya göndərilməyəcək.
Bəs Marinanın oğulları harada idi?
"Maşına minib axtarışa başladım. Telefonda komandirlərdən biri təkidlə onların ərazidə hərbi təlimlərdə olduqlarını söylədi. Mən dedim: "Bura yaxın təlim keçirilən bütün əraziləri gəzmişəm. Onlar orada deyillər. Xahiş edirəm, mənə yalan danışmayın”. O, telefonu qapatdı”.
"Bir dəfə çarəsizlikdən avtomobillə Ukraynaya getməyə çalışdım. Təbii ki, məni buraxmadılar. Hər yerdə nəzarət-buraxılış məntəqələri var idi.
Sonra itkilər gəlməyə başladı. Mənə zəng vurdular ki, ölülər və yaralılar var. Təcili hərbi hospitala getdim".
Marinanın oğulları orada olmayıb, ancaq o, gördüklərindən şoka düşüb.
"Hərbi hospitalda nə dərman, nə də sarğı çatışırdı. Yerli sakinlər hər şeyi təmin edirdilər. Əsgərlər üşüyürdülər, ac idilər. Geniş ürəkli yerli insanlar xəstəxanaya yemək-içmək gətirirdilər".
Nəhayət, Marinanın oğullarının hərbi hissəsindən orda olan bir nəfər etiraf edib ki, onlar həqiqətən də Ukraynadadırlar.
"Mənə dəhşətli xəbəri dedilər: "Övladlarınız peşəkar hərbçi olmaq üçün hərbi müqavilələr bağlayıblar. Onlar Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edirlər. Onlar qəhrəman kimi qayıdacaqlar".
"Sən nə danışırsan? Onların müqavilə imzalamaq planları yox idi, - deyə Marina cavab verib. - Onlar üç aydır ki, ordudadırlar. Cəmi bir dəfə əllərinə silah alıblar. Cəmi bir dəfə atış meydançasında olublar. Çox vaxt onlar qar kürüyüblər.
Baş prokurorluğa yazdım ki, araşdırsınlar. Onlara dedim ki, oğullarım hərbi müqavilə bağlaya bilməz. Mən əmin idim. Başqa analar da yazırdılar. Hamısı öz övladlarını tanıyırdı".
Rusiya silahlı qüvvələrdəki əsgər sayını artırmaq üçün hərbi çağırışa arxalanır. Hərbi xidmət 12 ay davam edir və bəzi istisnalar olmaqla 18-27 yaş arası rus kişiləri üçün məcburidir.
Martın 5-də prezident Putin bəyan edib ki, "Ukraynada əməliyyatda yalnız peşəkar əsgərlər, zabitlər və müqaviləli hərbçilər iştirak edir. Orada bir nəfər də olsun çağırışçı yoxdur və biz onlardan istifadə etməyi planlaşdırmırıq".
Lakin cəmi dörd gün sonra Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq etiraf etdi ki, Rusiyanın Ukraynaya hücumunda iştirak edən hərbçilər arasında çağırışçılar da var. Nazirlik daha sonra iddia edib ki, "bu cür hərbçilərin demək olar ki, hamısı indi Rusiyaya qaytarılıb".
Kremlin sözçüsü bildirib ki, prezident hərbi prokurorluğa çağırışçıların Ukraynaya necə aparılması ilə bağlı araşdırma aparmağı tapşırıb.
Marinanın rəsmi şikayəti təmin edilib. Rusiya hakimiyyəti onun oğullarının hərbi müqavilə imzalamadığını təsdiqləyib və hər iki oğlu Rusiyaya qaytarılıb.
Marina deyir: "Mənə kiçik oğlumu bir günlük evə aparmağa icazə verdilər. Maşınla onu aparmaq üçün gedərkən zəng edib ona nəsə lazım olduğunu soruşdum. "Ana, mənə heç nə lazım deyil, - deyə cavab verdi, - yalnız sən”.
"Onu görəndə tamamilə pis gündəydi. Oradan qayıdan oğlanlar çox arıq, çirkli və yorğun idilər. Paltarları cırıq idi. Oğlum dedi, "Yaxşı ki, orada nə baş verdiyindən sənin xəbərin yoxdur". Amma mənim üçün önəmli olan onun sağ-salamat qayıtması idi”.
Marina baş verənlərə görə qəzəblidir.
"Üzümə yalan danışdılar, - Marina deyir. - Əvvəl yalandan dedilər ki, oğullarım Ukraynada deyillər. Sonra yalandan dedilər ki, onlar güya hərbi müqavilə imzalayıblar. Zabitlər yalan danışdı, çavuşlar yalan danışdı. Sonradan kimsə mənə dedi ki, onlara həqiqəti deməyə icazə verməyiblər. İnanılmazdı. Onlara qanunu pozmağa və oğlanlarımı Ukraynaya göndərməyə icazə verilir, amma anaya uşaqlarının harada olduğunu deməyə icazə verilmir.
İnanmaq istərdim ki, bizim prezident, ali baş komandan ordudakı qarışıqlıqdan və xaosdan xəbərsizdir. Ona demək istəyirəm ki, burada hər şey televiziyada deyildiyi kimi deyil”.
Marina çağırışçı oğullarının sağ-salamat olmasına görə rahatdır. İndi o başqa ailələri düşünür.
"Bu qədər oğul geri qayıtmayıb və heç vaxt qayıtmayacaq. O qədər analar hələ də övladlarını axtarırlar. Bu dəhşətdir. Biz insan inkişafının zirvəsinə çatmışıq. Necə olur ki, razılığa gələ bilmirik? Nəyə görə döyüşməli və öldürməliyik?
Övladlarım geri qayıdanda fərqli insanlar idi. Bunu onların gözlərindən də görürsən. Onlar fərqlidirlər. Onlar məyusdurlar. Onların yenidən parlaq gələcəyə, sülhə və sevgiyə inanmalarını istəyirəm. Onlar artıq inanmırlar".
Nurlan Hüseynov
Şərhlər