Xəbər lenti

Siyasət 18:43 21.02.2024

"Rusiya hərbi bazasının Ermənistandan çıxarılması xülyadır" - Ekspert

"Erməni politoloqun açıqlaması sadəcə olaraq, ictimai rəyi Nikol Paşinyan əleyhinə yönəltməyə hesablanmış açıqlamadır və burada məqsəd baş nazir əleyhinə növbəti etiraz dalğasına əsas yaratmaqdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Natiq Miri erməni politoloq Armen Badalyanın Türkiyənin Rusiya sülhməramlılarının Qarabağdan çıxması məsələsini qaldıracağı barədə fikrini şərh edərkən deyib.

Natiq Miri qeyd edib ki, ermənilər prosesə NATO-nun maraqları kontekstində yanaşırlar:

"NATO əlbəttə ki, rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını istəyir. Ancaq reallıq belə deyil. Çünki Türkiyə bu məsələdə NATO-nun maraqlarını müdafiə edən tərəf kimi çıxış etmir. Türkiyənin özünün geosiyasi və təhlükəsizlik maraqları var. Digər tərəfdən, Rusiya hərbi kontingentinin Qarabağda varlığı Türkiyədən öncə Azərbaycanın məsələsidir. Çünki razılaşma Bakı, İrəvan və Moskva arasında imzalanıb. Rus kontingenti 2025-ci ilin noyabrına qədər Qarabağda qala bilər. Azərbaycan özü də rus hərbi kontingentini Qarabağdan çıxarmaqda aciz deyil". 
 


Həmsöhbətimiz deyib ki, erməni politoloq açıqlamasında prosesin Ankaranın istəyi kontekstində həll edildiyi obrazını formalaşdırmağa çalışır:

"Reallıqda isə belə deyi. Doğrudur, bütün proseslərdə Ankara ilə Bakı birgə fəaliyyət göstərir. Rus qoşunlarının Qarabağda varlığı üçün heç bir zəmin yoxdur. Bunun nəticəsidir ki, zaman-zaman rus rəsmiləri özləri üçün yeni süni fəaliyyət sahələri yaratmağa çalışır. Azərbaycan istənilən zaman rus hərbi kontingentini yola sala bilər. Ona görə də erməni politoloqunun dediyi absurddur". 

Ekspert qeyd edib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması da xülyadır:

"Paşinyan hüquqi, iqtisadi və hərbi təminat olmadan belə bir addımı heç zaman atmayacaq. Bu məsələlər həll olunmadan rus hərbi bazasının bağlanmasından söhbət belə gedə bilməz. Hələlik isə bu yöndə ciddi fəaliyyət də yoxdur. İrəvanın KTMT-dən çıxmaq iddiasını da görmürük".

Qeyd edək ki, erməni politoloq Armen Badalyan Türkiyənin Rusiya sülhməramlılarının Qarabağda qalmalarını istəmədiyini deyib. Onun fikrincə, Türkiyə məsələ qaldıracaq ki, Rusiya tərəfi Qarabağdan çıxsın. Badalyanın fikrincə, İrəvan da Rusiyanın Ermənistan ərazisindəki hərbi bazalarını çıxarmağa çalışacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->