Xəbər lenti

Dünya 16:12 25.09.2025

"Rusiya NATO ilə üz-üzə gəlmək istəməz" - Qulamhüseyn Əlibəyli

"Ukrayna ilə bacarmayan Moskva NATO-nun timsalında hərbi cəhətdən daha güclü ölkələri də özü ilə müharibəyə cəlb etmək istəməz".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ prezidenti Donald Trampın NATO hava məkanını pozan Rusiya təyyarələrinin vurulacağı barədə bəyanatını şərh edərkən deyib. 

"Rusiya tərəfindən NATO ölkələri sərhədlərinin müxtəlif formada pozulması halları son dövrlər daha tez-tez baş verir. Əvvəllər də bir neçə dəfə belə hallar olub. Rusiyanın bu təxribatları da sadəcə olaraq, NATO ölkələrinin əsəblərinin yoxlanılması xarakteri daşıyıb. Bununla Kreml qarşı tərəfin hansı reaksiya verəcəyini müəyyənləşdirmək istəyib. Əvvəlki dövrlərdə Rusiyanın bu hərəkətinə qarşı tərəfdən ciddi reaksiyalar olmadığından, son günlər belə cəhdlər daha intensiv xarakter almağa başladı", deyə ekspert bildirib. 
 


Trampın bəyanatından sonra isə həmsöhbətimiz Rusiyanın fikirləşməli olacağını düşünür:   

"Rusiya Ukrayna ilə bacara bilmirsə, yəqin ki, NATO ilə də üz-üzə gəlmək istəməz. Kreml ən azından ehtiyat edəcək. Ola bilsin təsadüfi olaraq dronlarla NATO sərhədlərinin pozulması halları davam etsin. Amma bütövlükdə təxribatların tədricən zəifləyəcəyini və nəhayət tamamilə dayandırılacağını güman edirəm. NATO hərbi cəhətdən kifayət qədər inkişaf etmiş bir qurumdur. Orada əsas üstünlük ABŞ-a məxsusdur. Rusiya isə bu qüvvələrlə vuruşmaq istəməz. Kiyevlə bacarmayan Moskva NATO-nun timsalında hərbi cəhətdən daha güclü ölkələri də özü ilə müharibəyə cəlb etmək istəməz. Ona görə də Trampın açıqlamasından sonra sözügedən təxribatların dayandırılacağı daha ağlabatan versiyadır".

Qulamhüseyn Əlibəyli qeyd edib ki, Rusiya Qərblə müharibə aparmaq gücündə deyil:

"Moskvada nəbz yoxlaması fonunda nəhayət dərk edə bilərlər ki, Qərblə müharibə başlasa onun nəticəsi Rusiya üçün uğurlu olmayacaq. Hətta nüvə təhdidini işə salsa da, III Dünya müharibəsinin başlanması ehtimalını istisna edirəm. Trampın açıqlaması ilə Rusiyanın geriyə dönüşü baş verəcək".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya təyyarələrinin NATO məkanına daxil olması ilə bağlı sərt mövqe sərgiləyib.  Belə ki, prezident Nyu-Yorkda Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında, Rusiya təyyarələri NATO ölkələrinin hava məkanına daxil olduğu təqdirdə onların vurulmalı olduğunu bəyan edib.  Tramp əlavə edib ki, bu məsələdə konkret addımların atılması şəraitdən asılı olacaq. 

Xatırladaq ki, sentyabrın əvvəlindən başlayaraq, Rusiya Polşa və Rumıniyaya PUA-la hücum edib. Ardınca rus təyyarələri Estoniyanın hava məkanını pozub. Daha sonra isə rus dronları Norveç və Danimarka səmasında da görünüb. 
 
Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->