Xəbər lenti

Rusiya Trampın vitse-prezidentliyə namizədinin ölkəyə girişini qadağan edib
Dünya 12:25 16.07.2024

Rusiya Trampın vitse-prezidentliyə namizədinin ölkəyə girişini qadağan edib

ABŞ prezidentliyinə namizəd Donald Trampın vitse-prezident seçdiyi Ohayo senatoru Cey Di Vens Rusiyanın "stop siyahısı”ndadır. Rusiya Xarici İşlər Nazirliyi 2023-cü ilin mayında onun ölkəyə girişinə qadağa qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” məlumat yayıb.

Rusiyanın "qara siyahısı”na ABŞ-ın keçmiş prezidenti Barak Obama və ABŞ-ın Rusiyadakı keçmiş səfirləri Con Hantsman və Con Tefft də daxil olmaqla daha 499 amerikalı daxil edilib.

Bu arada, Aİ-nin yüksək səviyyəli rəsmiləri Politico-ya bildiriblər ki, Trampın vitse-prezident kimi 39 yaşlı senator Vensi seçmək qərarı ABŞ-ın Ukraynaya yardımı kəsəcəyindən və digər transatlantik prioritetlərdən imtina edəcəyindən qorxan ABŞ müttəfiqlərini narahat edib.

Onlardan birinə görə, bu təyinat artıq Ukrayna və Aİ üçün "fəlakətə” çevrilib. O xatırladıb ki, 2023-cü ilin yanvarında senator olan Vens Senatda Ukraynaya yardım haqqında qanun layihəsinin qarşısını almaqda mərkəzi rol oynayıb. Xüsusilə, Vens ABŞ-ın "qeyri-müəyyən müddətə boş çeklər yaza bilməyəcəyini" bildirib və Ukraynadakı döyüşlərlə bağlı bütün xərclər haqqında daha ətraflı məlumat tələb edib.

Fevral ayında Münhen Təhlükəsizlik Konfransında Vens deyib ki, Birləşmiş Ştatlar "sadəcə Şərqi Avropada quru müharibəsini qeyri-müəyyən müddətə davam etdirmək üçün istehsal gücünə malik deyil”. "Nə vaxta qədər davam edəcək? Neçəyə başa gələcək? Və ən əsası, ukraynalıları dəstəkləmək üçün lazım olan silahları necə istehsal etməliyik” – kimi suallar verib. Eyni zamanda, senator Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən imtina edərək, ondan "yeni heç nə” öyrənməyəcəyini qeyd edib.

Vens vitse-prezidentliyə namizəd olduqdan sonra senator Fox News telekanalına müsahibəsində bildirib ki, Tramp seçkidə qalib gələrsə, dərhal Rusiya və Ukrayna ilə sülh danışıqlarına başlayacaq. Onun sözlərinə görə, Tramp ABŞ-ın diqqətini "əsl problemə, yəni Çinə” yönəltməsini istəyir.

Bundan əvvəl Vens xəbərdarlıq edib ki, sülh danışıqları zamanı Ukrayna Rusiya tərəfindən işğal olunmuş ərazilərinin bir hissəsindən imtina etməli olacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->