Xəbər lenti

Rusiyadan sonra ABŞ da etiraf etdi: Minsk qrupu
Siyasət 14:11 17.11.2022

Rusiyadan sonra ABŞ da etiraf etdi: Minsk qrupu "ölüb - Bəs Fransa?

Artıq ABŞ da ATƏT-in Minsk qrupunun yararsız olduğunu etiraf edib. Belə ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bu barədə danışıb: 

"Artıq ATƏT-in Minsk qrupu mexanizmi işlək deyil, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində çalışır. Mənə elə gəlir ki, o, konsensus yolu ilə bu mandata son qoya biləcəyimiz həddə çatıb. Buna baxmayaraq, mandatın özü kifayət qədər faydalıdır. Minsk qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq fəaliyyət göstərmir. Biz tərəflərlə onların sülh prosesində birbaşa iştirak edirik”.

44 günlük müharibədən sonra Bakı dəfələrlə bildirib ki, artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayıb. Çünki qurumun 30 il ərzində etməli olduğu, ancaq etmədiyini Azərbaycan 44 günlük müharibə dövründə işğala son qoymaqla özü edib. Belə olan halda, Minsk qrupunun meydanda qalması prosesin irəliləməsinə deyil, əksinə geriləməsinə xidmət edir. Azərbaycan da məhz buna görə, sözügedən qurumun artıq bir işə yaramadığını əsas gətirməklə Minski qrupu ilə əlaqələrə son verib. Mövcud proses də göstərir ki, müharibədən sonra həmin qurumun prosesdə qalması fonunda ərazidə gərginlik ocağı daha kəskin formada qalmaqda davam edəcək.

Onu da qeyd edək ki, ATƏT-in Minsk qrupu mexanizminin işləmədiyini həmsədr ölkələrdən ilk olaraq Rusiya bəyan edib. Yəni, ilk olaraq Azərbaycanın bu istiqamətdə mövqeyilə Rusiya razılaşıb. Moskvanın belə bir mövqe sərgiləməsi əslində Qərblə gərginləşən münasibətlər fonunda Rusiya, ABŞ, Fransa üçlüyünün birgə müzakirələrinin mümkün olmamasından irəli gəlirdi. Digər həmsədr ölkələr, ABŞ və Fransa isə son zamanlara qədər Minsk qrupunun fəaliyyətinin vacib olduğunu önə çəkməkdə davam edirdi. Lakin artıq bir müddətdir ki, Vaşinqton özünün vasitəçiliyilə Ermənistan və Azərbaycan arasında ikitərəfli dialoqa üstünlük verir. Görünən odur ki, Rusiya və ABŞ-ın ATƏT-in Minsk qrupu ilə bağlı açıqladığı fikirlərdən sonra Fransa təklənir. 

Parisin Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi, Senatın ölkəmizə qarşı sanksiyalar tətbiq etməsi fonunda bu ölkənin ATƏT-in Minsk qrupunu yenidən diriltmək istəməsi isə ümumiyyətlə yersizdir. Bitərəfliyini saxlaya bilməyən Fransa ümumiyyətlə prosesdən tamamilə kənarlaşdırılmalıdır. Deməli, ATƏT-in Minsk qrupu artıq real olaraq tarixin arxivinə yuvarlanır. Belə demək mümkünsə, daha onun kitabı bağlandı. 

Azərbaycan belə bir qurumu 30 illik fəaliyyətsizliyini əsas gətirməklə haqlı olaraq qəbul etmir. Bu, əslində Azərbaycan diplomatiyasının həmin istiqamətdə apardığı siyasətinin uğur qazanması deməkdir. Prosesdə maraqlı olan dövlətlər artıq Bakı ilə hesablaşmalı olduqlarını anlamağa başlayıblar. Artıq hər kəs anlayıb ki, Bakı ilə hesablaşmadan regionla bağlı hər hansı bir istəklərini həyata keçirə bilməyəcəklər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->