Xəbər lenti

Sakit və rahat tətil üçün dünyanın ən təhlükəsiz 10 adası
Dünya 09:45 26.07.2026

Sakit və rahat tətil üçün dünyanın ən təhlükəsiz 10 adası

"Travel Off Path” turizm portalı təhlükəsizlik səviyyəsi yüksək olan və rahat istirahət üçün əlverişli hesab edilən dünyanın 10 adasının reytinqini dərc edib.

Qaynarinfo xəbər verir ki, reytinq ənənəvi dövlət səyahət tövsiyələrindən fərqli olaraq, rəsmi statistik göstəricilər və minlərlə turist rəyini birləşdirən "Traveler Safety Index” təhlükəsizlik indeksinə əsaslanır.

Siyahıya 98 xalla Aruba başçılıq edir. Karib dənizində yerləşən ada qasırğa zonasından kənarda olması, inkişaf etmiş turizm infrastrukturu və turistlərə qarşı zorakılıq hallarının demək olar ki, qeydə alınmaması ilə seçilir. Ziyarətçilərə "Butterfly Farm” (Kəpənəklər ferması) turistik məkanını görmək tövsiyə olunur.

İkinci yerdə 94 xalla Kayman adaları qərarlaşıb. Yüksək həyat səviyyəsi və aşağı cinayət göstəriciləri ilə seçilən adalarda turistlər "Stingray City” məkanında təbii mühitdə skat balıqları ilə ünsiyyət qura bilirlər.

93 xalla üçüncü yeri Anqilya tutur. Böyük kruiz gəmilərinin qəbul edilmədiyi ada 33 ictimai ağ qumlu çimərliyi və sakit atmosferi ilə fərqlənir. Turistlərə kiçik kafe və çimərlik barlarında bank kartlarının hər zaman qəbul edilmədiyini nəzərə alaraq nağd pul gəzdirmək tövsiyə edilir.

Dördüncü pillədə 91 xalla Malta yer alıb. İlk beşlikdəki yeganə Avropa ölkəsi olan Malta orta əsr memarlığı, qədim qalaları və təhlükəsiz şəhər mühiti ilə seçilir. Reytinq müəllifləri səhər saatlarında "Blue Lagoon” (Mavi laqun) istiqamətinə ilk bərə ilə yola çıxmağı məsləhət görürlər.

Beşinci yerdə 90 xalla Bonaire adası qərarlaşıb. Ada ekoturizm və dünya səviyyəli dayvinq imkanları ilə tanınır. Burada səs-küylü gecə həyatı əvəzinə sakit istirahət üstünlük təşkil edir.

Eyni göstərici ilə Saba adası da siyahıda yer alır. "Kariblərin toxunulmamış kraliçası” adlandırılan ada tropik meşələri, vulkanik landşaftları və kiçik yaşayış məntəqələri ilə məşhurdur.

90 xalla siyahıda yer alan Men adası isə İrlandiya dənizində yerləşən Britaniya tac ərazisidir. Yaşıl təpələri, sakit yolları və inkişaf etmiş nəqliyyat sistemi ilə seçilən adada turistlərə "Go Explore” nəqliyyat kartından istifadə etmək tövsiyə olunur.

Montserrat adası 89 xalla səkkizinci yerdə qərarlaşıb. Vulkan püskürməsindən sonra adanın bir hissəsi bağlandığı üçün burada turist sayı azdır və xırda cinayət halları olduqca nadir rast gəlinir.

Barbados da 89 xal toplayıb. Ada Karib qonaqpərvərliyi, təhlükəsiz kurortları və "Harrison's Cave Eco-Adventure Park” əhəngdaşı mağaraları kompleksi ilə tanınır.

İlk onluğu 89 xalla Tailandın Pxuket adası tamamlayır. Baxmayaraq ki, ada daha çox Patonq bölgəsinin gecə həyatı ilə tanınır, onun şimal sahilləri və cənubdakı balıqçı kəndləri sakit və təhlükəsiz istirahət üçün uyğun hesab edilir. Turistlərə taksidən istifadə zamanı qiyməti əvvəlcədən razılaşdırmaq və ya "Grab” tətbiqindən yararlanmaq tövsiyə olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->