Xudafərin körpüsü ilə qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycana keçən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1984-cü il təvəllüdlü Malik Bagiri (ad-soyad şərti) 13 aprel 2023-cü il tarixdə, saat 08:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozaraq, Xudafərin körpüsü ilə keçməklə Cəbrayıl rayonuna gəlib. Burda isə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmədə ifadə verən Malik Bagiri Azərbaycan tərəfinə keçməsini belə izah edib: "İran İslam Respublikasının vətəndaşıyam və ailəmlə birlikdə İranın Xudafərin şəhəri, Qaraqoç kəndində yaşayıram. Baş vermiş hadisə barədə bildirirəm ki, sosial şəbəkələrdə iranlı mollaların Azərbaycanı təhdid etdiyini gördüm və onlarla həmfikir olmadığım üçün İranla Azərbaycan arasında müharibə olacağı təqdirdə, Azərbaycan tərəfdən vuruşmaq qərarına gəldim. Ümumvətəndaş pasportum olmadığı üçün 13 aprel 2023-cü il tarixdə yaşadığım Qaraqoç kəndindən taksi ilə Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsündən keçib Azərbaycana gəldim. Bu zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb sərhəd zastavasına gətirildim".
Malik Bagiri bildirib ki, ona Azərbaycana qeyri-qanuni yolla daxil olması üçün heç kim kömək etməyib. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan zaman heç bir zorakılıq və təzyiq olunmayıb. Törətdiyi əməli etiraf edən Malik bagiri bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Malik Bagiri Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası əsas cəza növünü çəkdikdən sonra icra ediləcək.
Əhməd
Şərhlər