Sağlamlıq 17:59 16.03.2024

Sığortadan kənarda qalan onkologiya: "Çox böyük xərc tələb edir"

"Onkoloji xəstəliklərin müalicəsi üçün çox böyük xərc tələb edir". 

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deputat Əhliman Əmiraslanovun onkoloji xəstəliklərin sığorta ilə əhatə olunması ilə bağlı təklifini şərh edərkən deyib. 

Adil Qeybulla İcbari Tibbi Sığorta paketinə maliyyə yardımının ayrılmasının müsbət hal olduğunu vurğulayıb: 

"Bu, İcbari Tibbi Sığorta xidmətinin keyfiyyətində özünü mütləq göstərəcək. Bu, ən azı tibbi xidmətlərin genişlənməsi, istər ambulator, istər stasionar, istərsə də diaqnostika müalicə vasitələrinin genişlənməsi istiqamətində xeyli məsələlərə kömək edəcək. Amma bununla yanaşı, bəzi məsələlər var ki, dövlət proqramları çərçivəsində qalır. Bu, şəkərli diabet, vərəmli və onkoloji xəstələrdir ki, onların İcbati Tibbi Sığortaya keçirlməsini düşünmək lazımdır".
 


Adil Qeybulla əlavə edib ki, özəl sektorun sığortaya cəlb olunması üçün ciddi bir şeçidləmə aparılmalıdır: 

"Azərbaycanda özəl sektorun fəaliyyəti ciddi şəkildə təftiş edilməlidir. Təəssüflər olsun ki, bu boyda problemə göz yumulur. Özəl xəstəxanalarda ümumiyyətlə, işin təşkili tibbi qaydalardan xeyli kənara çıxır. Ona görə də bütün özəl xəstəxanalara icbari sığorta işi ilə məşğul olması məqsədi ilə lisenzilar verilməlidir. Düşünürəm ki, bununla bağlı ciddi şəkildə çeçidləmə aparılmalıdır. Onsuz da gec-tez bu çeşidləmə aparılacaq. Çünki buna zərurət duyulacaq. Elə bunun üçün indidən aparılsa, daha yaxşı olar. Özəl xəstəxanalarda İcbari Tibbi Sığortaya o xəstəxanalar cəlb edilməlidir ki, o şəfa ocaqları tibbin qanunları ilə işləyir, sahibkarın düşüncəsi ilə deyil". 

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır:

"Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır".

Bahar Rüstəmli