2020-ci ildə "Meta" mütəxəssisləri müəyyən ediblər ki, "Facebook" və "Instagram" olmadan insanlar özlərini daha yaxşı hiss edirlər, lakin şirkət bu araşdırmanın nəticələrini açıqlamaqdan imtina edib.
Qaynarinfo-nun məlumatına görə, 2020-ci ildə "Meta" mütəxəssisləri müəyyən ediblər ki, "Facebook" və "Instagram" kimi sosial şəbəkələr psixikaya ciddi zərər vura bilər, lakin korporasiya bu məlumatları ictimaiyyətlə paylaşmadı. Məsələ ilə bağlı yeni detalları "Reuters" yayıb.
Bildirilir ki, 5 il əvvəl şirkət "Nielsen" ilə birlikdə istifadəçilərin bu servislərdən ayrılmasının təsirini öyrənmək üçün "Merkuri Layihəsi"ni işə salıb. Məlum olub ki, Mark Zukerberqin sosial şəbəkələrindən bir həftə uzaq qalan insanlarda depressiya, narahatlıq, tənha qalma hissi və sosial müqayisə əhəmiyyətli dərəcədə azalıb.
"Reuters" yazır ki, "Merkuri Layihəsi” bunun sadəcə təsadüf deyil, şirkətin servisinin psixi sağlamlığa birbaşa mənfi təsiri olduğunu sübut edib. Lakin "Meta" bu nəticələri dərc etmək və ya əlavə araşdırmalar aparmaq əvəzinə layihəni bağlayıb, çünki açıqlama sosial şəbəkələrə ciddi zərbə vura bilərdi.
Hazırda araşdırmanın detallarını ABŞ-da bir neçə məktəb dairəsinin "Meta", "Google", həmçinin "TikTok" və "Snapchat"ə qarşı iddialarında ortaya çıxıb. Şirkətlər məhsullarının məktəblilər üçün yaratdığı riskləri gizlətməkdə ittiham olunur.
İddiaçıların əsas iradları isə məhz "Meta"ya yönəlib. Onların sözlərinə görə, "Facebook" və "Instagram"da təhlükəsizlik alətləri elə hazırlanıb ki, istifadəçilər onları ya çox az istifadə etsin, ya da ümumiyyətlə istifadə etməsin — çünki onların real effektivliyi çox aşağıdır.
Bundan əvvəl BBC yazırdı ki, texnologiya milyarderləri "qiyamət günü"nə hazırlaşır və kütləvi şəkildə bunker inşa edirlər. "Meta" rəhbəri Mark Zukerberq isə hələ 2014-cü ildən Havayda — Kauai adasında 1400 akr ərazidə yeraltı kompleks tikir.
Aydın
Şərhlər