İdman 16:31 30.11.2022

“Sumqayıt”ın kapitanı: “Danışdığımızı meydanda edə bilmirik”

Azərbaycan Premyer Liqasında turnir cədvəlinin sonuncu pilləsində yer alan "Sumqayıt” uzun müddətdir qələbə üzünə həsrətdir. Artıq kənardan baxanda da kollektiv daxilində məğlub ruh formalaşdığı hiss olunur. Sanki komanda artıq mğubiyyətlərlə barışıb və futbolçularda özünəinam itib. Bəs problem nədir? Niyə komanda bu vəziyyətdədir? Bu sualların cavabını tapmaq elə də asan deyil.

Komandanın kapitanı Vurğun Hüseynov Qaynarinfo-ya açıqlamasında hazırkı durumdan danışır: 

"Elə bir vəziyyətdir ki, adam deyəcək söz tapa bilmir. Hər oyundan sonra məğlub olsaq və ya heç-heçə etsək də, çalışırıq ki, bu durumdan çıxaq. Kollektivimiz yaxşıdır, mehribanlıq var, öz aramızda danışırıq. Dünənki oyunda layiqli mübarizə apardıq, yaxşı oynadıq. Sadəcə, problem bəxt amildir, nədir, bilmirəm. Düzdür, bu, bəhanə ola bilməz. 15 oyundur qələbə qazana bilmiriksə, deməli, biz futbolçular günahkarıq. Elə oyunlar var ki, nə baş məşqçi, nə də rəhbərlik lazım idi, özümüz yığışıb qələbə qazanmalı idik. Təəssüflər olsun, bacarmadıq, məcburuq ki, hər dəfə qarşıdakı matça qələbə üçün hazırlaşaq. Fasiləyə qədər üç oyun qalıb. Maksimum nəticə əldə etməyə çalışacağıq”.

Təcrübəli müdafiəçi qələbə olmadığı üçün komandada inamsızlıq yarandığını deyir:

"Düz deyirsiniz, nəticə, qələbə olmayanda inamsızlıq yaranır. Mən təcrübəli kapitan, Samir Abasov baş məşqçi kimi çalışırıq ki, komanda yoldaşlarımızla danışaq. Daha yaxşı ola, nəticə qazana bilərik. Hər oyundan əvvəl belə müzakirələr edirik. Təəssüflər olsun ki, danışdığımızı meydanda edə bilmirik. Komandada çatışmazlıqlar var, əks halda qələbələr də olar. Samir müəllim çatışmazlıqları daha yaxşı bilir, hər məşqdə bizi səhvlərimizin üzərində çalışdırır. Oyunarı analiz edirik, səhvlərimizi düzəltməyə çalışırıq. Baş məşqçi nədən narazılıq edir? Vallah, bölmək istəmirəm, səhvlərimiz olur. Dünənki oyunda da qol vəziyyətlərindən istifadə edə bilmədik, əvəzində qapımızda qol gördük. 15 oyundur nəticə göstərməyən komandada, ab-havanın daha yaxşı olmasına çalışacağıq. Samir müəllim də ən çox bunun üzərində dayanır. Qələbə qazansaq, daha yaxşı olacaq”.

Futbolçu hələ belə bir duruma düşmədiyini bildirir:

"Hər məşqçinin öz taktikası, istəyi var. Özünüz daha yaxşı görüb analiz edə bilərsiniz. Çünki mən futbolçuyam, hansısa məşqçiyə fərq qoymağı özümə yaraşdırmıram. Samir müəllimin istəkləri həqiqətən tam fərqlidir. Aleksey Baqa və Samir Abasov fərqli şeylər tələb edir. Ən azı 6 ay vaxt lazımdır ki, məşqçi öz sistemini futbolçulara aşılaya bilsin. Açığı, belə duruma düşməmişdim. 15 oyun nəticə olmamasına rəğmən, belə kollektiv varsa, inanıram ki, yaxşı olacaq. Gec də olsa, yaxşı olacaq, buna əminəm”.

Səbuhi Həsənov