Xəbər lenti

Suriyada qorxunc xəstəlik yayılır: Artıq 1500 nəfər yoluxub (FOTO)
Foto 15:00 07.05.2026

Suriyada qorxunc xəstəlik yayılır: Artıq 1500 nəfər yoluxub (FOTO)

Suriyanın Rakka vilayətində açıq kanalizasiya sistemləri və qeyri-kafi infrastruktur səbəbindən yayılan "Şərq çibanı" xəstəliyi əhali arasında ciddi narahatlıq yaradıb. Xəstəlik xüsusilə insanların yaşayış şəraitini gündən-günə daha da ağırlaşdırır.

Qaynarinfo xəbər verir ki, Rakkanın şimalındakı Heyşe kəndi sakinləri yoluxma hallarının artması səbəbindən yerli qurumlardan təcili tədbir görülməsini tələb edirlər. Sakinlərin sözlərinə görə, xəstəliyin əsas səbəbi uzun müddətdir baxımsız qalan açıq kanalizasiya xətləri və ətrafda yaranan su yığıntılarıdır. Yaşayış məntəqələrini əhatə edən çuxurların zamanla bataqlığa çevrildiyi, xüsusilə yay aylarında artan həşərat və milçəklərin xəstəliyin yayılmasını sürətləndirdiyi bildirilir.

Rakka Səhiyyə İdarəsinin direktoru Abdullah Hamud Anadolu Agentliyinə açıqlamasında son dövrlərdə qum milçəkləri vasitəsilə ötürülən "Şərq çibanı” hallarının artdığını və xüsusilə Heyşe kəndində daha çox qeydə alındığını deyib.
 


Hamud bildirib ki, əvvəllər bölgəyə nəzarət edən YPG tərəfindən açılan kanalizasiya çuxurlarının açıq qalması, həmçinin çirkab suların toplanması və drenaj kanallarının təmizlənməməsi xəstəliyin yayılmasına şərait yaradıb. Onun sözlərinə görə, bu mühit xəstəliyi yayan həşəratların çoxalması üçün əlverişli şərait yaradır.

Rəqəmlərə görə, Rakka bölgəsində keçmiş illərdə təxminən 3 min 700 yoluxma qeydə alınıb, 2026-cı ildə isə bu rəqəm təxminən 1500-ə çatıb.

Səhiyyə rəsmisi Suriya Səhiyyə Nazirliyi ilə birgə mübarizə proqramı çərçivəsində dərman yardımı göndərildiyini, səyyar tibbi qruplar yaradıldığını və bölgədə 7–8 səhiyyə məntəqəsi açıldığını bildirib.
 


Heyşe kəndi sakinləri isə həm uşaqların, həm də yaşlıların xəstəlikdən ciddi təsirləndiyini deyirlər. Sakinlərdən biri bildirir ki, xəstəlik hər kəsə yayılıb və xüsusilə uşaqlar üçün vəziyyət narahatlıq doğurur. Onların sözlərinə görə, ən böyük problem açıq kanalizasiya xətləri və yığılan çirkab sulardır.

Digər sakinlər də uşaqların tez-tez xəstələndiyini, yaxınlıqdan keçən kanalizasiya xətlərinin isə həm pis qoxu, həm də sağlamlıq riski yaratdığını qeyd ediblər. Sakinlər yerli qurumlardan kanalizasiya sisteminin bərpasını, çirkli suların aradan qaldırılmasını və kənddə səhiyyə mərkəzinin yaradılmasını tələb edirlər.

Aydın

--> -->