Xəbər lenti

Dünya 15:58 21.01.2025

"Tramp vədlərinin çoxuna əməl etməyəcək" - Ekspert

"Trampın hakimiyyətə gəlişi ilə dünya qlobal geyri-müəyyənlik mərhələsinə daxil olur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rauf Mirqədirov ABŞ-ın yeni Prezidenti Donald Trampın innaqurasiya mərasimində səsləndirdiyi mesajları şərh edərkən deyib:

"Bu mərhələnin uzun çəkəcəyini də düşünmürəm. 6-8 ay davam edə bilər. Trampın hakimiyyətə gələrkən verdiyi vədlər arasında onun doğrudan da həyata keçirmək istədikləri var. Eyni zamanda, populizm xatirinə səslənən tezislər də mövcuddue. Həmçinin, gerçək olaraq həyata keçəcək fikirlər də var. Bütün siyasətçilər populist olur, ancaq Tramp daha çox populistdir. Siyasətçilər həyata keçirilməsi qeyri-mümkün olan vədləri sadəcə seçiciyə xoşa gəlmək xatirinə deyirlər. Bu mənada Trampın vədlərinin bir hissəsi doğrudan da populizmdir”. 
 


Həmsöhbətimiz deyir ki, Trampın Kanada, Qrenlandiya və Panama kanalının ABŞ-a birləşdirilməsi vədləri populist vədlərdir:
 
"Nə onun özü, nə də ətrafı belə təşəbbüslərin gerçək olduğuna inanmır. Amma bunlar ABŞ-ı gücləndirmək şüarına uyğundur. Qrenlandiya strateji cəhətdən mühüm adadır. Burada söhbət Arktika, Şimal Buzlu Okeanındakı dəniz yoluna nəzarət etməkdən gedir. Bu mənada ola bilsin ki, həmin istiqamətdə yeni hərbi saziş imzalansın, ABŞ-ın Qrenlandiyadakı hərbi bazası daha da artsın. Lakin Qrenlandiya və Kanadanın ABŞ-a birləşdirilməsi mümkünsüzdür. Kanadada əhalinin sosial müdafiəsi ABŞ-dan daha yaxşıdır. Ona görə də Kanada əhalisinin ABŞ-a birləşmək tərəfdarı olduğuna inanmıram. Bu baxımdan, bu kimi bəyanatların arxasında duran gerçək addımlar daha çox lokal xarakterlidir. Yəni Trampın elan etdiyi kimi geniş miqyaslı ola bilməz”. 

Ekspert qeyd edir ki, Tramp bütün dünyada sülhə nail olmağa çalışacağı məsələsi də çox mürəkkəbdir:

"Bunu demək asandır, amma həyata keçirmək çətin. Tramp inaqurasiya mərasimində nə Ukrayna, nə də Rusiyanın adını çəkmədi. Bir sıra hallarda münaqişələrə son qoyulması yeni münaqişələrin yaradılmasından keçir. Bəzi respublikaçı senatorlar bəyan edir ki, ABŞ İsraillə birlikdə İran məsələsini hərbi əməliyyatla həll etməlidir. Ukrayna münaqişəsinə son qoyulması da asan məsələ deyil. Tramp özbaşına deyil. ABŞ-ın işlək sistemi var. Bu mənada Tramp istədiyi bütün güzəştlərə gedə bilməz. Hətta Konqresdəki respublikaçı çoxluq belə bütün məsələlərdə onu dəstəkləmir”. 

R.Mirqədirovun hesab edir ki, Tramp yüz faiz İsraili müdafiə edəcək və iqtisadi ticarət müharibələrinə başlayacaq:

"O, ABŞ iqtisadiyyatının qorunması və çiçəklənməsi konsepsiyasını irəli sürüb. Bu konsepsiyanı indi daha geniş miqyasda tətbiq edə bilər. Dünyada müəyyən iqtisadi balans yaradılıb. Amma onu inqilabi addımlarla dəyişmək cəhdi Trampın hakimiyyətini möhkəmləndirməyəcək. Çünki qısa və orta müddətli perspektivdə onun ağır nəticələrini Amerika da hiss edəcək. Çinlə bağlı addımları ola bilsin uzunmüddətli perspektivdə düzgün addımdır. Dünya iqtisadiyyatının xarici ticarət dövriyyəsinin 40 faizi ABŞ-la Avropa İttifaqı arasındadır. Belə olan halda, Aİ-yə iqtisadi müharibə təkcə ABŞ-la Avropanın nizamını pozmayacaq, bütünlüklə dünya ticarətinə təsir edəcək”. 

Ekspertin bildirir ki, Çinin iqtisadi intervensiyasının Rusiya vasitəsilə alınması konsepsiyası da uğurlu deyil:

"Tramp tərəfdarları düşünür ki, dünya Çinlə Rusiyanın müttəfiqliyinə son qoyub onları bir-birindən ayırmalıdır. Düşünürlər ki, Çinin iqtisadi intervensiyasının qarşısını Rusiyada bufer zona yaratmaq vasitəsilə almaq olar. Keçən ilin 90-cı illərində Rusiyanın daha da parçalanmasının qarşısını alan da məhz bu konsepsiya oldu. Yəni həmin konsepsiyanın nəticəsinin nə olduğunu gördük. Rusiyanı müttəfiqə çevirmək üçün də ona nəsə təklif edilməlidir. Hazırda Rusiyanın əsas problemi müharibə və sanksiyalardır. Rusiyanın əsas gəlirləri enerji daşıyıcıları vasitəsilədir. Tramp da çalışır ki, Amerikanın enerji ixracı qarşısında dayanan bütün maneələri aradan qaldırsın. Bayden hökuməti neft-qz çıxarılması və ixracı ilə bağlı müəyyən qadağalar qoyub. Tramp isə bu qadağaları aradan qaldırıb, ixracı artıracağını vəd edir. O, Avropadan da daha çox Amerika malları almağı tələb edir. Bütün bunlarda məqsəd Rusiyanı Avropa bazarından çıxarmaq və onun gəlirlərini daha da azaltmaqdır. Çin və Rusiya ilə iqtisadi müharibə Moskva ilə Pekini bir-birinə daha da yaxınlaşdıracaq”.

Həmsöhbətimizə görə, hər halda Trampın verdiyi vədlərini həyata keçirməsi dediyi kimi heç də asan olmayacaq:

"Bütün hallarda Tramp iqtisadi məsələlərə ciddi diqqət yetirəcək. Miqrantlara qarşı da ciddi tədbirlər görəcək. Amma geniş miqyasda onun nə edəcəyilə bağlı yalnız 6 aydan sonra danışa bilərik”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->