Xəbər lenti

Trampın Avropaya əvəzolunmaz xidməti: Bu, avropalılar üçün bir şok oldu
Dünya 16:50 28.03.2025

Trampın Avropaya əvəzolunmaz xidməti: Bu, avropalılar üçün bir şok oldu"

"Tramp Avropanın ənənəvi siyasətçilərinə əvəzolunmaz xidmət göstərdi. Ondan əvvəl Avropanın ifrat sağ və ifrat sol siyasi qüvvələri Ukrayna-Rusiya münaqişəsinin Avropaya heç bir aidiyyəti olmadığını iddia edirdilər". 

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Rauf Mirqədirov yazıb. Politoloq bunu iki slavyan xalqının qarşıdurması, iki postsovet dövlətinin çəkişməsi adlandırıb:

"Bu, iki slavyan xalqının qarşıdurmasıdır. Bu, iki postsovet dövlətinin çəkişməsidir. Bu, Avropanın müharibəsi deyil. Üstəlik, Avropa Rusiyadan gələn mümkün təhlükədən etibarlı şəkildə qorunur, çünki NATO çərçivəsində, xüsusən də ABŞ-ın öhdəlikləri aydındır. Odur ki, narahat olmağa ehtiyac yoxdur. Qoy, öz problemlərini özləri həll etsinlər. Təəssüf ki, bu cür ritorika, xüsusilə də sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi fonunda cəmiyyətin müəyyən bir hissəsində dəstək tapır.
 


Tramp isə çıxıb açıq şəkildə bəyan etdi ki, ABŞ NATO üzrə müttəfiqləri qarşısındakı öhdəliklərindən imtina edə bilər. Həmişə bir səbəb tapmaq mümkündür. Məsələn, Avropanın əksər siyasətçilərindən və Kanadanın baş nazirindən fərqli olaraq, Putin Tramp üçün dua etdi və ona Rusiyanın məşhur bir rəssamı tərəfindən xüsusi olaraq öz sifarişi ilə çəkilmiş portretini hədiyyə etdi. Mən tam əminəm ki, həmin portretdə Tramp Vaşinqtondan daha əzəmətli təsvir olunub.

Təkcə avropalılar deyil, kanadalılar və avstraliyalılar da dərin, demək olar ki, letarji yuxudan oyandılar. Bu, xüsusilə avropalılar üçün bir şok oldu. Onlar dərk etdilər ki, müharibə artıq Avropada gedir. Trampın NATO üzrə müttəfiqlik öhdəliklərini yerinə yetirməkdən imtinası isə Putin Rusiyasına Avropada tam sərbəstlik vermək deməkdir. Və bu, hələlik yalnız indiki mərhələdədir.

Buna görə də, adətən çətin hərəkətə gələn avropalılar bu dəfə çox sürətlə qərara gəlib müdafiə üçün əlavə 800 milyard avro ayırmağa razılaşdılar. 

Bu səbəbdən, bu gün Avropada Tramp və Putinin pərəstişkarları, Orban və Fitso kimi tanınmış Rusiya agentlərindən başqa, susurlar. Onların sadəcə deyəcək sözləri yoxdur. Bu gün "istəklilər koalisiyası” formalaşır. Bu koalisiya təkcə Ukraynaya dəstək üçün yaradılmır. Bu, ABŞ-ın iştirakı olmadan yeni beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasının başlanğıcıdır.

Bir sözlə, Tramp avropalılara böyük bir xidmət göstərdi..."

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->