"Tramp bu mesajla dolayısı ilə Kiyevi Rusiyanın içərilərinə doğru hərəkətə keçməyə çağırır, Putinə isə müharibənin gedişatında dəyişiklik olacağı mesajını verir".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli ABŞ prezidenti Donald Trampın Rusiyanın Alyaska danışıqlarına saymazyana yanaşması fonunda Moskvaya ünvanladığı hücum mesajını şərh edərkən deyib.
"Trampın bu məsələdə sərgilədiyi mövqeyi əslində indiyə kimi apardığı görüşlərin nəticələrinə əsasən korrektə olunur. Tramp Putinlə, ardınca da Zelenski və bir sıra Avropa liderlərilə görüşdü. Trampın bu mərhələlərdəki çıxışları da təbii ki, həmin görüşlərin nəticəsindən asılı olaraq tərtib olunur", deyə hərbi ekspert bildirib.
İbrahim Rüstəmli düşünür ki, ABŞ prezidentinin son açıqlamasına ciddi bir mesaj kimi baxmaq lazımdır:
"Bu mesajla Tramp artıq Kiyevə yerində oturmamağı təklif edir, dolayısı ilə onu Rusiyanın içərilərinə doğru hərəkətə keçməyə, Moskvaya müharibənin nə olduğunu anlatmağa səsləyir".
Həmsöhbətimizə görə, bu, hərbi eskalasiyanın genişlənməsi, müharibənin daha şiddətli fazaya daxil olması demək olacaq:
"Hərbi eskalasiyanın genişlənməsi isə Rusiyaya daha ağır problemlər yaradacaq. Rusiyanın silah anbarları boşalıb. Çin, Şimali Koreya və bəzi digər ölkələrdən mərmi, texnika alır. Tramp bir sözlə demək istəyir ki, müharibə daha çox Rusiya ərazisində aparılmalıdır. Bu həm də Ukraynaya yol göstərmək, daha ciddi mövqe tutaraq, əməliyyat planı hazırlamaq tapşırığı vermək anlamına gəlir".
İbrahim Rüstəmlinin fikrincə, ABŞ prezidentinin belə bir açıqlaması həm də o anlama gəlir ki, əslində Putinlə Alyaskada aparılan danışıqlar fiaskoya uğrayıb, elə də ciddi nəticəsi olmayıb:
"Nəticə olsaydı, Tramp təbii ki, Rusiya tərəfindən çıxış edər, yumşaq münasibət sərgiləyərdi. Trampın məsələ ətrafında nəhayət prinsipial mövqe seçməsi fikrimcə, zərurətdən doğur. O sadəcə hərbi həqiqəti deyil, Putinə müharibənin gedişatında dəyişiklik olacağı mesajını da verir. Ona görə də həmin mesaj Putini müəyyən razılıqlara gəlməyə vadar etmək üçün bir təzyiq vasitəsi kimi də qəbul oluna bilər".
Qeyd edək ki, Rusiyanın Alyaskada keçirilən danışıqlara dırnaqarası yanaşması fonunda Tramp Rusiyaya hücum mesajı verib: "İşğalçı ölkəyə hücum etmədən qalib gəlmək mümkün deyil. Ukraynanın yalnız müdafiə olunmasına icazə verilmişdi, cavab verməsinə yox. İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq çox çətindir, hətta qeyri-mümkündür. Təsəvvür edin ki, əla müdafiəsi olan böyük idman komandası var, amma onun hücumda oynamasına imkan verilmir. Onun qələbə şansı ola bilməz!
Ukrayna və Rusiya ilə bağlı məsələdə də belədir. Əliəyri və çox səriştəsiz Bayden Ukraynanın hücum etməsinə imkan vermədi, yalnız müdafiə, müdafiə... Sonda nə oldu? Buna baxmayaraq, mən olsaydım, bu müharibə başlamazdı - sıfır şans! Maraqlı dövrlər qabaqdadır".
Rüfət Sultan
Şərhlər