"Türkiyə Ukraynada ədalətli sülhün əldə olunmasında mühüm rol oynaya bilər".
HİT.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa "Ukrinform"a açıqlamasında deyib.
"Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin dayandırılması məsələsində Türkiyənin rolu həm bu ölkənin potensialını, həm də regionda, xüsusən də Qara dəniz regionunda oynadığı rolu nəzərə alsaq, son dərəcə vacibdir. Türkiyə Avropa qitəsində ən böyük ordulardan birinə malikdir. Və təbii ki, gələcək razılaşmalar kontekstində Ukraynada ədalətli və əhatəli sülhə nail olmaq üçün bu rol mütləq izah olunacaq", deyə XİN başçısı bildirib.
Onun sözlərinə görə, məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2022-ci ildə Qara dənizdə "taxıl dəhlizi" yaradılıb.
"Türkiyə hərbi əsirlərin azad edilməsi proseslərində fəal iştirak edib və buna görə minnətdarıq", deyə Sibiqa əlavə edib.
Bundan əvvəl "The Telegraph" nəşri Türkiyənin Ukraynaya sülhməramlı kimi qoşun göndərə biləcəyini yazıb. Nəşrin məlumatına görə, regional sabitliyin və sülhün təmin edilməsi üçün zəruri hesab edilərsə, bu məsələyə baxılacaq.
"Reuters" yazıb ki, Türkiyə Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyi təklif edəcək. Nəşr xatırladıb ki, Türkiyə genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna və Rusiya ilə yaxşı münasibətlər saxlayır.
Aydın
Şərhlər