Varlı ruslar lüks brendləri əldə etmək üçün sanksiyalardan yan keçməyin yollarını tapıblar. Onlar şəxsi alıcılar, vasitəçilər və sərhədyanı qaçaqmalçılar şəbəkəsindən istifadə edirlər.
Qaynarinfo xəbər verir ki, "Financial Times"
nəşrinin məlumatına görə, sosial şəbəkələr bahalı çantalar və yüksək moda məhsullarına tətbiq olunan sanksiyaları aşmağa yardım edən vasitəçilərlə dolub. Bu vasitəçilər həm böyük riteylerlər, həm də fərdi müştərilər üçün xidmət göstərir.
Lüks brendlərə sanksiyalar və qaçaqmal bazarının çiçəklənməsi
2022-ci ildə Ukraynaya hücumdan sonra Avropa lüks brendləri Rusiyada satış məhdudiyyətləri ilə üzləşib. Avropa İttifaqı 300 avroya qədər dəyəri olan malların satışına icazə verib. Halbuki elit moda məhsullarının orta qiyməti bu limiti aşır. Buna baxmayaraq, ruslar, inkişaf edən kölgə bazarından əldə etdikləri ən son qərb kolleksiyalarını geyinməyə davam edirlər.
Gömrük qeydlərinə əsasən, sanksiyalar ticarətin üçüncü ölkələr vasitəsilə yönləndirilməsinə səbəb olub. Məsələn, sentyabr ayında çinli vasitəçi tərəfindən Dubaydan Rusiyaya göndərilən, hər birinin orta qiyməti 1800 dollar olan 300-dən çox "Bottega Veneta" çantası partiyası qeydə alınıb.
Analitiklərin və gömrük orqanlarının məlumatlarına görə, bəzi brendlər və Rusiya idxalatçıları təkliflərini sanksiyalardan yayınmaq üçün uyğunlaşdırıblar. "IBC Real Estate" konsaltinq şirkətinin məlumatına əsasən, 2020-ci ilin əvvəlində Rusiyada fəaliyyət göstərən böyük qərb dizayner brendlərinin təxminən yarısı hələ də ölkədə mövcuddur və yeni məhsul xətləri gətirir.
Vasitəçilik biznesi və məhdudiyyətlərin təsiri
Sanksiyaların tətbiqindən sonra vasitəçilik biznesi çiçəklənməyə başlayıb. İtaliyada fəaliyyət göstərən bir alıcı, həftəlik 10-20 bağlama göndərərək 6000 avroya qədər komissiya qazandığını bildirib.
"İtalyanlara fərqi yoxdur. Onlar üçün məhsulun satılması vacibdir, sonra onun haraya getməsi bizim işimizdir. Bu mağazalarda artıq məni və həmkarlarımı yaxşı tanıyırlar. Hamı məhsulun hara göndərildiyini bilir", deyə özünü Mixail adlandıran bu alıcı bildirib.
Latviyanın gömrük orqanları isə bildiriblər ki, ilin əvvəlindən bəri süni şəkildə dəyəri azaldılmış qiymətlə bəyan edilən 60 lüks məhsul partiyasını ələ keçiriblər. Vasitəçilər tez-tez malları şəxsi alış kimi təqdim etməyə çalışır, məsələn, çantaların etiketlərini çıxarırlar. Qərb brendləri isə məhsullarının Rusiya bazarına daxil olması səbəbilə ixrac nəzarəti qaydalarını pozduqlarına görə məsuliyyətə cəlb edilə bilərlər.
Yeni sanksiyalar və onların təsiri
Dekabr ayının ortalarında Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib. Bu məhdudiyyətlər, xüsusilə, Rusiyanın kölgə donanmasını hədəfə alır. Ümumilikdə, Avropa İttifaqı 84 fiziki və hüquqi şəxsə, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təhlükə altına alan 54 şəxsə və 30 şirkətə qarşı sanksiya tətbiq edib.
Bundan əlavə, "The Washington Post" yazıb ki, ABŞ prezidenti Co Bayden Rusiyanın enerji sektoruna qarşı yeni genişmiqyaslı sanksiyaları nəzərdən keçirir.
Aydın
Şərhlər