"Yaxın illərdə Çin Tayvana hücum edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Çinin Tayvana hücum ehtimalını şərh edərkən deyib.
"Çinin Tayvanla bağlı ciddi planları var. Bunu ABŞ da bilir və onun baş verməməsi üçün çalışır ki, müəyyən vaxt əldə etsinlər", deyə ekspert bildirib.
Həmsöhbətimizin fikrincə, bu planlar dünyada baş verən proseslər fonunda mütləq realizə olunacaq:
"Amma onun dəqiq tarixini söyləmək çətindir. Çin hələ Rusiya-Ukrayna müharibəsinin nəticəsini, eyni zamanda, İsrailin İran və HƏMAS-la savaşının sonuclanmasını gözləyir. Tayvanın addımları da göstərir ki, onlar baş verə biləcək müdaxiləyə hazırlaşırlar".
Üzeyir Cəfərov qeyd edib ki, Çinin Tayvanla bağlı hərbi əməliyyata başlaması sadəcə zaman məsələsidir:
"Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən bu haqda verilən məlumat bir qədər tez və ya gec baş verə bilər. Hər şey baş verəcək digər hadisələrdən asılı olacaq. Həmin hadisələrdən asılı olaraq Çin bu istəyini reallaşdıra və yaxud bir qədər də təxirə sala bilər. Hər halda yaxın illərdə Çin Tayvana hücum edəcək. Çin rəhbərinin bəzi bəyanatları da belə düşünməyə əsas verir".
Qeyd edək ki, ABŞ kəşfiyyatı Çinin Tayvana hücuma hazırlaşdığını elan edib. Belə ki, ABŞ hərbi kəşfiyyatının "məxfi hesabatı"nda Çin ordusunun Tayvana müdaxilə planları ilə bağlı yeni iddialar yer alıb. Məlumata görə, Pekin bu məqsədlə ölkənin kommersiya bərə donanmasını sürətlə genişləndirir. Xüsusilə bəzi gəmilərin tankların daşınması və amfibiya əməliyyatlarında iştirakı üçün modifikasiya olunduğu bildirilir.
Rüfət Sultan
Şərhlər