Xəbər lenti

Zabitdən oğlunun toyu ilə bağlı müzakirələrə reaksiya:
Maqazin 12:20 18.06.2026

Zabitdən oğlunun toyu ilə bağlı müzakirələrə reaksiya: "Elə belə olmalıdır"

Xalq artisti Zabit Nəbizadə sosial şəbəkələrdə müzakirələrə səbəb olan oğlunun toy məclisi ilə bağlı danışıb.

Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, oğlu Əmrahla gəlini Aysunun böyük toy mərasimi sentyabr ayında keçiriləcək:

"Toyun dəqiq tarixi hələ müəyyənləşməyib. Amma mərasim sentyabr ayında restoranların birində baş tutacaq. Buzovnada keçirilən məclis kişilər üçün təşkil olunmuşdu. Mən oğlumun toyunun məhz bu şəkildə keçirilməsini istədim".

Zabit Nəbizadə toyda qonaqlara yalnız bir yemək təqdim edilməsi ilə bağlı müzakirələrə də münasibət bildirib:

"Masalarda küftə, kabab və buğlama da var idi. Bakı kəndlərində toy məclisləri həmişə belə keçirilib və bu ənənə bu gün də davam edir. Məncə, toy elə belə olmalıdır. Şadlıq evlərində müxtəlif yeməklər təqdim olunur, amma onların hamısı yeyilmir. Bakı kəndlərində isə toy süfrəsi daha sadə qurulur".

Xatırladaq ki, Xalq artisti Zabit Nəbizadə iyunun 16-da oğluna kişi toyu edib. Məclisdən yayılan fotolarda qonaqlara əsasən buğlama verildiyi görünür. Restoran toylarından fərqlənən süfrə tərzi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bahar Rüstəmli

--> -->