2004-cü il dekabrın 26-da Hind okeanında baş verən dağıdıcı sunami müasir tarixin ən ölümcül təbii fəlakətlərindən birinə çevrilib.
Qaynarinfo xəbər verir ki, fəlakət nəticəsində 14 ölkədə 230 mindən çox insan həyatını itirib. Tailand isə ən çox zərər çəkən ölkələrdən biri olub.
Fəlakət necə başladı?
Sunamiyə Sumatra adasının qərb sahilləri yaxınlığında, təxminən 30 kilometr dərinlikdə baş verən güclü zəlzələ səbəb olub. Tektonik plitələrin hərəkəti nəticəsində təxminən 1600 kilometr uzunluğunda qırılma yaranıb. Bu zəlzələ instrumental müşahidələr tarixində qeydə alınan ən güclü zəlzələlərdən biri hesab olunur.
Dəniz dibinin təxminən 20 metr qalxması milyardlarla ton suyun hərəkətə gəlməsinə səbəb olub. Açıq okeanda hündürlüyü cəmi 60 santimetr olan dalğa sahilə yaxınlaşdıqca nəhəng sunamiyə çevrilib və saatda təxminən 700 kilometr sürətlə irəliləyib.
Xəbərdarlıq sistemi yox idi
Məqalədə qeyd olunur ki, Hind okeanında həmin dövrdə sunami barədə erkən xəbərdarlıq sistemi mövcud deyildi. Alimlər bölgədə güclü zəlzələlərin 200–300 ildən bir təkrarlanması barədə əvvəllər xəbərdarlıq etsələr də, bu risk lazımi səviyyədə nəzərə alınmamışdı.
Sunami müxtəlif bölgələrə fərqli vaxtlarda çatıb:
* Sumatraya – təxminən 20 dəqiqəyə;
* Nikobar adalarına – 40 dəqiqəyə;
* Tailanda – təxminən 1,5 saata;
* Şri-Lankaya – 2 saata;
* Hindistana – 2,5 saata;
* Afrikanın şərq sahillərinə isə 7 saata.
Buna baxmayaraq, bölgədə koordinasiyalı xəbərdarlıq sistemi olmadığından milyonlarla insan təhlükədən xəbərsiz qalıb.
Turistlər təhlükəni dərk etmədilər
Fəlakət baş verən gün Tailandın məşhur kurortlarında adi istirahət günü idi. Sunamidən əvvəl dəniz suyunun yüzlərlə metr geri çəkilməsi çoxları üçün maraqlı mənzərə kimi görünüb. Turistlərin əksəriyyəti təhlükədən uzaqlaşmaq əvəzinə foto və videolar çəkmək üçün sahilə yaxınlaşıb.
Məqalədə bildirilir ki, həmin vaxt bir çox xilasedici də sunami əlamətlərini tanımadığı üçün insanları vaxtında təxliyə edə bilməyib.
Məktəb dərsi minlərlə insanın həyatını xilas etdi
Həmin gün Böyük Britaniyadan olan 10 yaşlı Tilli Smit ailəsi ilə birlikdə Pxuket adasında istirahət edirdi. O, məktəbdə coğrafiya dərsində öyrəndiyi sunami əlamətlərini xatırlayaraq dənizin qəfil geri çəkilməsinin təhlükə siqnalı olduğunu başa düşüb.
Qız valideynlərini və otel əməkdaşlarını təcili insanları sahildən uzaqlaşdırmağa inandıra bilib. Qısa müddət sonra təxminən 9 metr hündürlüyündə dalğa sahilə çatıb.
Məqaləyə görə, həmin çimərlikdə aparılan təxliyə nəticəsində insan tələfatı qeydə alınmayıb.
Nəticələri
Müxtəlif mənbələrə görə, 2004-cü il Hind okeanı sunamisi nəticəsində 230 mindən çox insan həlak olub. Təkcə Tailandda ölənlərin sayı 8 mindən çox olub.
Fəlakətdən sonra, 2006-cı ildə Hind okeanı üçün sunami barədə erkən xəbərdarlıq sistemi yaradılıb. Hazırda bölgədə 7 baldan yuxarı gücə malik zəlzələlər qeydə alındıqda sistem avtomatik şəkildə xəbərdarlıq siqnalları göndərir.
Aydın
Şərhlər