İqlim dəyişikliyi Antarktikadakı buzlaqların əriməsinə səbəb olduğu bir vaxtda, uzun illər sabit qalan "A23a" adlı nəhəng aysberqin Cənubi Atlantik Okeanında hərəkətə keçməsi alimlər arasında narahatlıq yaradıb.
Qaynarinfo xəbər verir ki, təxminən 40 il ərzində olduğu yerdə qalan bu buz kütləsi ekosistem üçün ciddi təhdidlər yarada bilər.
Trilyon ton ağırlığında olan bu nəhəng buzdağı hansı nəticələrə səbəb olacaq? Hara doğru hərəkət edir?
40 il sabit qaldı, lakin yenidən hərəkətə keçdi
İqlim dəyişikliyi qlobal ekosistemlərə dərin təsir göstərməkdə davam edir. İnsan fəaliyyəti, fosil yanacaq istifadəsi və istixana qazlarının emissiyası səbəbindən qlobal temperatur artır, bu da qütb bölgələrində buzlaqların əriməsinə yol açır. Bu vəziyyət dəniz səviyyəsinin yüksəlməsinə, okean axınlarının dəyişməsinə və canlı müxtəlifliyinin təhlükə altına girməsinə səbəb olur.
Son dövrlərdə "A23a" adlı nəhəng aysberqin Cənubi Atlantik Okeanında hərəkət etməyə başlaması alimlər və ekoloqlar arasında ciddi narahatlıq yaradıb. Trilyon ton ağırlığındakı bu buzdağı Cənubi Corciya adasına doğru irəliləyir və bölgənin ekosisteminə mənfi təsirlər göstərə bilər.
Aysberq 1986-cı ildə Antarktikanın Filçner buz örtüyündən ayrılmışdı. Ekseter Universitetinin qütb tədqiqatçısı Martin Ziqqert bildirir ki, bu buzdağının uzunluğu onlarla kilometr, dərinliyi isə bir neçə yüz metrə çatır. Təxminən 3.632 kvadrat kilometr sahəni əhatə edən bu buz kütləsi Nyu-York, Los-Anceles və Hyuston şəhərlərinin birlikdə tutduğu ərazidən daha böyükdür.
Aysberqin 2020-ci ilə qədər olduğu yerdə sabit qaldığı və zamanla əridikcə kiçik parçalarının suya düşdüyü bildirilir. Lakin 2024-cü ilin aprelində yenidən hərəkət etməyə başlayıb və hazırda Antarktikanın ətrafındakı okean axınları boyunca irəliləyir.
Okean ekosisteminə və gəmilərə təhlükə yaradır
Aysberqlər okean ekosistemində müxtəlif təsirlərə səbəb ola bilər. San-Dieqo Universitetinin Skripps Okeanoqrafiya İnstitutundan dəniz ekoloqu Mariya Vernet 2000-ci ildə "B15" aysberqinin okeana düşən işıq miqdarını azaltdığını və fitoplanktonların inkişafına mənfi təsir etdiyini xatırladır. "A23a" buzdağının isə bu təsirləri daha geniş miqyasda göstərə biləcəyi qeyd edilir.
Buzdağının Cənubi Corciya adasına yaxınlaşması pingvin və suitilərin populyasiyasına ciddi zərər verə bilər. Bioloqlar bildirirlər ki, aysberq heyvanların qidalanma və çoxalma yollarını bağlaya bilər ki, bu da onların daha uzağa üzməsinə və daha çox enerji sərf etməsinə səbəb olacaq. Bu isə nəticədə ölüm faizinin artmasına gətirib çıxara bilər.
Bundan əlavə, buzdağının parçalanması dəniz nəqliyyatı üçün də təhlükə yarada bilər. Ziqqert bildirir ki, Cənub Okeanı dünyanın ən sərt və tufanlı dənizlərindən biridir. "A23a"nın parçalanması fəlakətli nəticələrə səbəb ola bilər.
Antarktikadakı buzlaqlar 30 il öncəyə nisbətən 6 dəfə daha sürətlə əriyir
İqlim dəyişikliyi buzdağlarının ayrılmasına birbaşa təsir etməsə də, bu prosesin arxasında duran əsas ekoloji problemlərə işıq salır. Ziqqert bildirir ki, bu aysberq insan fəaliyyəti nəticəsində yaranmayıb və buzlaqların parçalanması təbii prosesdir. Lakin Antarktikada qlobal istiləşmə və fosil yanacaq istifadəsi səbəbindən buz örtüyünün sürətlə əriməsi müşahidə olunur. Xüsusilə, son 30 ildə buzlaqların ərimə sürəti altıqat artıb.
Antarktikanın həssas ekosistemi üçün böyük dəyişikliklərə ehtiyac yoxdur və bu, alimləri narahat edən əsas məqamdır. Eyni zamanda, ərimə prosesi qlobal dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Meijersin sözlərinə görə, hazırda dəniz səviyyəsində iki metrlik artım müşahidə edilir.
Buzdağının Cənubi Corciya sahillərində nə ilə nəticələnəcəyi hələ dəqiq bilinmir. Lakin Mariya Vernet bunun bölgədəki ekoloji tarazlığı ciddi şəkildə dəyişdirəcəyini bildirir. Ziqqert isə bu hadisəni "son dərəcə maraqlı" bir fenomen kimi dəyərləndirir.
Aydın
Şərhlər