Avstraliyanın Kvinslend Universitetinin alimləri ABŞ-ın Alabama ştatının Tallapoosa bölgəsində, Kamp Hill qəsəbəsi yaxınlığında siçanlarda yeni bir virus aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, koronavirus pandemiyasını illər əvvəl proqnozlaşdıran tədqiqatçılar 2021-ci ildə məməlilərin yaşlanması ilə bağlı bir araşdırma çərçivəsində Alabama ərazisində dörd qısa quyruqlu sivri siçan üzərində tədqiqat aparıblar. Heyvanlardan götürülən toxuma nümunələrində indiyə qədər rast gəlinməyən genetik material müəyyən edilib.
Ölümcül Nipah və Hendra virusları ilə eyni ailədədir
"Daily Mail" qəzetinin məlumatına görə, "Kamp Hill" adlandırılan yeni virus Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ən təhlükəli pandemiya riskləri siyahısında yer alan və yoluxduğu insanların 70%-ni öldürə bilən Nipah və Hendra viruslarını əhatə edən henipavirus ailəsinə aiddir.
İnsanlara keçə bilərmi?
Virus sivri siçanların böyrəklərində aşkar edilib və alimlər "Kamp Hill" virusunun insan orqanizmində də eyni orqanlara hücum edə biləcəyindən narahatdırlar. Virusun genetik baxımdan ən yaxın olduğu digər henipavirus Çində siçanlardan insanlara keçən Langya virusudur. Bu, "Kamp Hill" virusunun da insana yoluxa biləcəyi ehtimalını artırır.
Dünya üçün yeni bir təhlükə?
Milli Ətraf Mühitin Mühafizəsi Assosiasiyasının ictimai sağlamlıq mütəxəssisi Dr. David Daycak "Daily Mail"ə açıqlamasında bu cür yeni virusların bütün bəşəriyyəti təhlükə altına qoya biləcəyini bildirib:
"Bu virusun bizi narahat edən əsas xüsusiyyəti yüksək ölüm faizidir. Əgər mutasiya edərək insana keçərsə və bəzi heyvanlarda müşahidə edildiyi kimi böyrəkləri hədəfə alarsa, bu, bütün insanlıq üçün ciddi bir təhlükə ola bilər".
Virus hansı xəstəliklərə səbəb ola bilər?
Hazırda "Kamp Hill" virusunun insana yoluxduğu bir hal qeydə alınmayıb, lakin həmin ailəyə aid digər viruslar onurğa beyni və beyin iltihabına, beyin şişməsinə, tənəffüs problemlərinə, böyrək və qaraciyər zədələnməsinə səbəb ola bilir.
Yeni pandemiya ola bilərmi?
Bu mövzuda mütəxəssislərin fikirləri fərqlidir. Dr. David Daycak "Camp Hill" virusunun pandemiyaya səbəb ola biləcəyindən ehtiyatlandığını bildirir.
Epidemioloq Dr. Donald Berk isə bu virusun genişmiqyaslı yayılma ehtimalının az olduğunu qeyd edib.
Boston Universitetinin viroloqu Dr. Adam Hume virusun insan hüceyrələrini yoluxdura biləcəyini göstərən bəzi dəlillərin olduğunu, lakin bu barədə hələ kifayət qədər məlumata sahib olmadıqlarını bildirib.
Henipavirus nədir?
Henipaviruslar Paramiksoviruslar (Paramyxoviridae) ailəsinə aid, heyvanlardan insanlara keçə bilən və yüksək ölüm faizi ilə seçilən RNA viruslarıdır. Bu qrupa daxil olan Hendra (HeV) və Nipah (NiV) virusları ağır tənəffüs xəstəliklərinə və ölümcül beyin iltihabına səbəb ola bilir. Henipavirusların əsas daşıyıcıları meyvə yarasalarıdır (Pteropodidae ailəsi).
İnsana yoluxma, yoluxmuş heyvanlarla (məsələn, atlar, donuzlar) təmas və ya çirklənmiş qida vasitəsilə baş verə bilər. Müalicəsi və təsdiqlənmiş peyvəndi yoxdur.
ÜST henipavirusları gələcək qlobal pandemiya riski olan patogenlər siyahısına daxil edib.
Hazırda "Kamp Hill" virusunun insanlar üçün nə qədər təhlükəli olduğu tam dəqiq bilinmir. Lakin alimlər virusun yayılma mexanizmini daha yaxından öyrənmək və mümkün təhlükələrin qarşısını almaq üçün tədqiqatları davam etdirirlər.
Aydın
Şərhlər