Xəbər lenti

Dünya 17:53 19.12.2023

ABŞ və Kanadanın güzəştləri İsveçin NATO-ya daxil olmasını sürətləndirə bilər - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-ın ölkəyə F-16 qırıcıları satmasından və Kanadanın silah embarqosunu ləğv etməsindən müsbət siqnal Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlük müraciətini ratifikasiya etməyə yaxınlaşmasına kömək edəcək.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Həm F-16 ilə, həm də Kanadanın vədləri (silah embarqosunun ləğvi-red.) ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizə İsveç məsələsinə müsbət yanaşmağa kömək edəcək.... Bütün bunlar bir-birinə bağlıdır”, deyə Ərdoğan bildirib.

2021-ci ilin oktyabrında Türkiyə "Lockheed Martin”dən 40 F-16 döyüş təyyarəsi və ölkənin mövcud hərbi təyyarələri üçün 79 təkmilləşdirmə dəsti satmağı xahiş edib.

ABŞ prezidenti Co Baydenin administrasiyası Ankaraya 20 milyard dollarlıq qırıcı təyyarə satışını dəstəkləyib, lakin ABŞ Konqresində Türkiyənin İsveçin NATO-ya üzvlüyünü gecikdirməsi və ölkədə insan haqları vəziyyəti ilə bağlı etirazlar olub.

Eyni zamanda, Ərdoğan iyul ayında İsveçin Ankaradan yaşıl işıq alacağını açıqladıqdan sonra Kanada dronlara, xüsusən də optik avadanlıqlara ixrac nəzarətinin qaldırılması ilə bağlı Türkiyə ilə danışıqları bərpa etməyə razılaşıb.

Ərdoğan ötən həftə telefon danışığı zamanı Baydenlə İsveçin NATO-ya daxil olmasını müzakirə etdiyini də qeyd edib.

"Söhbətdə Bayden mənə dedi: "Siz bunu (İsveçin NATO-ya üzvlük ərizəsini) parlamentdən keçirsəniz, mən də bunu (F-16 satışı) Konqresdə qəbul elətdirərərm”, deyə Ərdoğan bildirib. 

Bundan əvvəl ABŞ Dövlət Departamenti bəzi konqresmenlərin Türkiyəyə F-16 təyyarələrinin satılması məsələsini İsveçin NATO-ya daxil olması ilə əlaqələndirdiyini bildirib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?