İdman 18:25 24.10.2022

AFFA-dan "Zirə"yə texniki məğlubiyyət və ikiqat cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, Birinci Divizionun 8-ci turuna həsr olunmuş iclasda qaydalar çərçivəsindən kənara çıxanlara aşağıdakı cəzalar tətbiq olunub.

"İmişli” – "Zaqatala” oyununda "Zaqatala” klubunun protokolunun gecikməsi səbəbi ilə "Zaqatala” klubu 80 manat cərimə olunur. Meydançaya kənar şəxslər daxil olduğuna görə "İmişli” klubunun əməli ilk dəfə törətdiyi nəzərə alınaraq kluba xəbərdarlıq edilir.

"Şamaxı-2” – "Neftçi-2” oyununda "Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. "Şamaxı-2” komandasının futbolçusu Asim Əlizadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

"Turan Tovuz-2” – "MOİK” oyununda "Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. "MOİK” klubunun futbolçusu Elşən Veysov təcavüzkar davranışa görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

"Qəbələ-2” – "Araz Naxçıvan” oyununda "Araz Naxçıvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Araz Naxçıvan” klubu 80 manat cərimə olunur.

"Zirə-2” – "Mingəçevir” oyununda "Zirə-2” komandası matç zamanı əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozduğuna görə "Zirə-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 400 manat cərimə olunur. Oyunöncəsi iclasda stadion xidmətinin nümayəndəsi iştirak etmədiyi üçün "Zirə-2” komandası 80 manat cərimə olunur. Oyunöncəsi iclasda nəzarət buraxılış xidməti nümayəndəsi iclasa gecikdiyi üçün "Zirə-2” komandası 40 manat cərimə olunur.

Səbuhi Həsənov