Xəbər lenti

Alimlər tarixin xronologiyasını
Dünya 22:44 11.04.2026

Alimlər tarixin xronologiyasını "pozan" 2000 illik "kompüter"in sirrini açdı

Arxeoloji tapıntı olan korroziyaya uğramış qədim "kompüter” müasir dövrün hesablama texnologiyalarının inkişafı ilə bağlı təsəvvürləri belə şübhə altına alır. Alimlər bu cihazın əsas sirrinə bir addım daha yaxınlaşıblar. 

Qaynarifno xəbər verir ki, bu barədə "Daily Galaxy” yazır.

Bildirilir ki, 2024-cü ildə Qlazqo Universitetinin alimləri tərəfindən aparılan tədqiqat Antikitera mexanizminə marağı yenidən artırıb. Bu cihaz 1901-ci ildə Yunanıstanın Antikitera adası yaxınlığında batmış qədim gəmidən tapılıb. Mexanizm e.ə. I əsrin əvvəllərinə aid edilir.

Mürəkkəb dişli çarxlar və göstəricilər sistemi onun funksiyasının qədim dövr üçün gözləniləndən xeyli daha inkişaf etmiş olduğunu göstərir. Bu qurğu ilk məlum analoq kompüter hesab olunur.

Alimlər uzun müddətdir bu mexanizmin səma hadisələrini izləmək üçün istifadə olunduğunu düşünürlər, lakin onun dəqiq funksiyası mübahisəli olaraq qalır. Quruluşu bir-biri ilə əlaqəli tunc dişlilərdən ibarətdir və ehtimal olunur ki, astronomik dövrləri modelləşdirib.

Yeni irəliləyiş Qrem Voan və Cozef Beylin qeyri-ənənəvi elmi metodlardan istifadə etməsi ilə əldə olunub. Onlar Bayes təhlili və qravitasiya dalğalarının aşkarlanması üçün hazırlanmış metodları arxeoloji məlumatlara tətbiq ediblər.

Tədqiqatın mərkəzində mexanizmin "təqvim halqası” adlanan hissəsi dayanıb. Təhlil göstərib ki, bu hissədə 354–355 dəlik ola bilər ki, bu da ay təqviminin müddətinə uyğundur.

"Əvvəlki araşdırmalar təqvim halqasının ay təqvimi ilə bağlı ola biləcəyini irəli sürürdü, lakin tətbiq etdiyimiz ikili metod bu ehtimalı xeyli gücləndirdi. Bu, Antikitera mexanizminə və qədim yunan ustalarının dəqiqliyinə baxışımı dəyişdi”, deyə Beyli bildirib.

Maraqlı məqamlardan biri də mexanizmin son dərəcə yüksək dəqiqliklə hazırlanmasıdır. Dəliklər təxminən 77,1 millimetrlik radiusda yerləşdirilib və aralarındakı məsafə cəmi 0,028 millimetr təşkil edib. Bu isə dövrün texniki imkanları ilə bağlı təsəvvürləri dəyişir.

Tədqiqat "Clickspring” adlı YouTube kanalının müəllifi Kris Budiselik tərəfindən aparılan bərpa cəhdlərindən ilham alıb. O, mexanizmin surətini yaratmağa çalışaraq onun quruluşunu araşdırıb.

Voan bildirib ki, Budiselik tərəfindən aparılan bu təcrübələr onların daha dərin araşdırma aparmasına səbəb olub.

Alimlər həmçinin qeyd ediblər ki, bu tapıntı Yer kürəsinin okean dibi altında "qızıl istehsalı” ilə bağlı yeni geoloji tədqiqatlarla da müqayisə edilir. Vulkanik ada qövsləri və subduksiya zonalarında gedən proseslərin təbii "qızıl laboratoriyası” yaratdığı bildirilir.

Vulkanik ada qövsləri bir plitənin digərinin altına batdığı zonalarda formalaşır və bu ərazilər çox vaxt qızılla zəngin olur. GEOMAR adına Helmhots Okean Tədqiqatları Mərkəzinin alimi Kristian Timmin rəhbərlik etdiyi qrup bu proseslə bağlı yeni detalları üzə çıxarıb.

Aydın

--> -->