Xəbər lenti

Dünya 22:45 12.04.2024

Ankara Rusiya və Ukrayna üçün yeni sülh planı hazırlayıb? (ŞƏRH)

"Yeni təkliflər paketi Ukraynanın maraqlarını ifadə etmir. Lakin istisna etmirəm ki, yeni təkliflərlə bağlı deyilənlər həqiqətdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ankaranın Ukrayna ilə Rusiya arasındakı müharibəni dayandırmaq üçün yeni təkliflər planı hazırladığı barədə yayılan məlumatı şərh edərkən deyib.

Ekspert qeyd edib ki, ortada bir qeyri-müəyyənlik var:

"Türkiyə prezidenti sülh planı ilə bağlı yeni təkliflərin olduğunu hələ təsdiqlənməyib. Türkiyə siyasi elitası da rəsmi qaydada bunu təsdiq etməyib. Ona görə də deyilən müddəalar həqiqəti əks etdirməyə bilər. Təsdiq olunmasa da belə, hər bir halda təqim olunan müddəalar Ukraynanın maraqlarını ifadə etmir. Çünki müharibənin dondurulması onun bitməsi anlamına gəlmir".
 

 
Natiq Miri vurğulayıb ki, bu istiqamətdə Almaniya, Fransa, Ukrayna və Rusiyadan ibarət "dördlük farmatı" mövcud olub:

"Belə formatla atəşkəsə nail olunmuşdu. Lakin nəticənin nə olduğu hamıya bəllidir. Rusiya yenidən hücuma keçdi və hələ də Ukraynanın 20 faiz torpağını işğalda saxlayır. Hətta Kreml bütün Ukraynanı işğal etmək iddiasını ortaya qoyur. Ona görə də Kiyev müharibənin dondurulması təklifinə razı deyil".

Politoloq bildirib ki, müharibəni dondurmaq Kiyevə heç nə qazandırmır:

"Müharibəni dondurmaq deyil, sülh müqaviləsi imzalanmalı və bununla bağlı ciddi təhlükəsizlik təminatları verilməlidir. Hələ belə vəziyyət mövcud deyil. Rusiya ən maksimal istəklərinə çatmaq istəyir. Ona görə də təklif Ukrayna üçün keçərli deyil".

Qeyd edək ki, bir neçə gün əvvəl "Novaya qazeta"nın yazdığına görə, Türkiyə Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılması üçün yeni təkliflər planı hazırlayıb. Plana əsasən, Rusiyanın ilhaq edilmiş Ukrayna ərazilərində beynəlxalq nəzarət altında referendumlar, 2040-cı ilə qədər Ukraynanın bitərəf statusuna zəmanət, Rusiyanın Ukraynanın Avropa İttifaqına daxil olmasına etiraz etməməsi kimi müddəalar daxildir. 
 

Rusiya və Türkiyə Xarici İşlər nazirlikləri yeni sülh müqaviləsi layihəsini hələ ki, nə təsdiq, nə təkzib edib. Məsələ ilə bağlı Ukrayna Prezident Ofisi rəhbərinin məsləhətçisi Mixail Podolyak isə bildirib ki, sözügedən plan yalnız münaqişəni dondurmaq istəyindən ibarətdir.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?