Avropa ölkələri arasında yalnız Finlandiyada müharibə halında bütün əhalini yerləşdirə biləcək qədər sığınacaq mövcuddur.
Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, bu ölkə 1939–1940-cı illərdən sonra da yeni bunkerlərin tikintisini davam etdirib və hazırda onların sayı 50,5 minə çatıb. Bu sığınacaqlarda eyni vaxtda 4,8 milyon insan gizlənə bilər. Finlandiyanın ümumi əhalisi isə 5,5 milyon nəfərdir.
Müqayisə üçün, Almaniyada cəmi 480 min sığınacaq yeri var, yəni bir yerə 174 nəfər düşür.
Nəşrin reportyoru Albert Link Finlandiyanın paytaxtı Helsinkidə yerləşən böyük bir bunkeri ziyarət edib. 20 metr dərinlikdə yerləşən bu sığınacaq 6000 nəfəri qəbul edə bilir. Vətəndaş müdafiəsi təlimatçısı Tomi Raski bildirib ki, burada insanlar hətta nüvə zərbəsi zamanı da sağ qala bilərlər.
Finlandiyada 1200 kvadratmetrdən böyük hər bir binanın zirzəmisinin qanunla qorunan sığınacaq kimi inşa edilməsi tələb olunur. Lakin sığınacaqlarda ərzaq ehtiyatı saxlanılmır — hər bir fin vətəndaşı 72 saatlıq şəxsi ərzaq ehtiyatına, fənər, batareya, yataq kisəsi və turist döşəyi kimi ləvazimatlara malik olmalıdır.
"Hökumət hər bir ev təsərrüfatına fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş siyahı göndərib. Siyahıya dərmanlar, gigiyena vasitələri, yod tabletləri, kitab, kağız və qələm daxildir. "Bütün bunları vətəndaşlar sığınacağa özləri ilə gətirməlidirlər", deyə nəşr yazır.
Raski qeyd edib: "Burada, yerin dərinliyində, söhbət həqiqətən yalnız sağ qalmaqdan gedir".
Finlandiyadakı bəzi sığınacaqların saxlanması baha başa gəlsə də, onlar sabit gəlir də gətirir - bir çoxunda fitnes mərkəzi, uşaq oyun meydançası, xokkey arenası və parkinq yerləşir.
Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda Almaniya da daha çox sığınacaq tikmək niyyətindədir. Ölkənin Daxili İşlər Nazirliyi bu istiqamətdə yeni konsepsiyanın əsas prinsiplərini hazırlayır, lakin qeyd edilir ki, sığınacaq şəbəkəsinin qurulması uzun müddət tələb edəcək.
Aydın
Şərhlər