"Sülh forumunda iştirak Azərbaycanın xarici siyasət xəttini daha da gücləndirəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ukraynanın təşəbbüsü ilə çağırılacaq sülh forumunda Azərbaycanın iştirak məsələsinə toxunarkən deyib.
Ekspert vurğulayıb ki, sülh forumu bəşəriyyətin arzularına cavab verən bir forumdur:
"Üstəlik Azərbaycanla Ukrayna arasında səmimi, dost münasibətlər hökm sürür. Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Ukraynaya səfər edib. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin sülh forumunda iştirak etməsi ölkəmizin nüfuzunun artmasına xidmət edə bilər. Burada tərəddüd etməyin yeri yoxdur. Çünki söhbət sülhdən, insanlığın ən çox arzuladığı barışdan gedir ki, bütün xalqlar, insanlar, bəşəriyyət buna can atır. Fikrimcə, belə bir tədbirdə iştirak Azərbaycanın xarici siyasət xəttini daha da gücləndirəcək".
Qeyd edək ki, yaxın dövrdə Ukraynanın təşəbbüsü ilə İsveçrədə sülh forumu təşkil edilməlidir. Bu foruma 160-a qədər ölkə nümayəndəsi dəvət edilib. Dəvət edilənlər arasında Azərbaycan da var. Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanın sülh forumunda iştirakından məmnun olacağını bildirib.
Rüfət Sultan
Şərhlər